ABŞ Rusiya hərbi sənayesinə kömək edən Azərbaycan şirkətinə sanksiya qoydu

ABŞ Rusiya hərbi sənayesinə kömək edən Azərbaycan şirkətinə sanksiya qoydu Foto: Wikidata
2 May 2024
Mətni dəyiş

Amerika Birləşmiş Ştatları (ABŞ ) Rusiyanın hərbi-sənaye bazasına dəstək verən 300-dək şirkətə sanksiya tətbiq edib. ABŞ Maliyyə Departamentinin mayın 1-də yaydığı məlumatda belə deyilir.

Rusiyanın ehtiyacı olan texnologiya və avadanlıqları xaricdən almağa imkan yaradan 60-dək şirkətin Azərbaycan, Belçika, Çin Xalq Respublikası, Rusiya, Slovakiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşdiyi bildirilir. 

Əliyev təchizat şəbəkəsi

Azərbaycandan sanksiya siyahısına salınan şirkət “Lahıc Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yevgeni Əliyevin sahibi olduğu satınalma şəbəkəsinə “Lahıc Energy” MMC, “GMM” FZE və “GMM Managemen” DMCC şirkətləri daxildir. 

“Lahıc Energy” 2023-cü ildə ABŞ sanksiyaları altında olan Rusiya texnologiya istehsalçıları üçün iş görən Azərbaycan şirkətidir. Eyni xarakterli sifarişləri təmin edən “GMM” FZE və “GMM Management” DMCC BƏƏ-də mənzillənib. Yevgeni Əliyevin oğlu Cahangir Əliyev “Lahıc Energy” şirkətinin direktorudur.

“Lahıc Energy” MMC, “GMM” FZE, “GMM Management” DMCC  şirkətləri Rusiya Federasiyası iqtisadiyyatının texnologiya sektoruna töhvə verdiyinə görə sanksiya siyahısına salınıb.

Maliyyə Departamentinin məlumatına görə, sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibədə döyüş qabiliyyətini zəiflətmək üçün tətbiq edilir. Departament Kremlin gəlirini və Ukraynaya qarşı qeyri-qanuni müharibəni davam etdirmək üçün ehtiyac duyduğu materiala çıxışını məhdudlaşdırmaq məqsədilə çoxtərəfli kampaniyaya başladığını qeyd edib.

“Bu dəstək Rusiyaya Ukraynaya qarşı müharibəni davam etdirməyə imkan verir və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır. Həm Maliyyə, həm də Dövlət Departamenti tərəfindən təsdiqlənən təqribən 300 hədəf arasında Rusiyanın xaricdən son dərəcə təcili ehtiyac duyduğu texnologiya və avadanlıqları əldə etməyinə imkan verən onlarla aktyora qarşı sanksiyalar yer alır”, – deyə qurumun bəyanatında deyilir.

Sənədə əsasən, Maliyyə Departamenti 200 hədəfə, Dövlət Departamenti isə sanksiyalardan yayınma ilə məşğul olan və ya Rusiyanın kimyəvi və bioloji silah proqramları və müdafiə sənayesi bazası ilə əlaqəli 80-dən çox hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun