“Abzas Media”nın həbsdəki əməkdaşlarının Beynəlxalq Mətbuat Azadlığı Günündə deyiləcək sözləri var

“Abzas Media”nın həbsdəki əməkdaşlarının Beynəlxalq Mətbuat Azadlığı Günündə deyiləcək sözləri var
3 May 2024
Mətni dəyiş

3 may Beynəlxalq Mətbuat Azadlığı Günüdür. Son 6 ayda Azərbaycanda çoxlu sayda jurnalist həbs edilib. Onlardan 6-sı "Abzas Media"nın əməkdaşlarıdır. 

Beynəlxalq Mətbuat Azadlığı Günü fonunda həbsdə olan abzasçıların aprelin 29-da keçirilən son məhkəmə çıxışlarını sizə təqdim edirik!

"Abzas Media"nın rəhbəri Ülvi Həsənli bildirib ki, istintaq çox fərasətsizcəsinə aparılır. Onun sözlərinə görə, müstəntiqlər ortaya yalan sənədlər, ifadələr çıxarırlar:

“İlham Əliyev Olaf Şoltsla görüşündə deyir ki, həbsdəki jurnalistlər xaricdən maliyyələşdiklərinə görə həbs ediliblər. O, dolayısı ilə jurnalistlərin öz sifarişi ilə həbs edildiyini etiraf edir.

Mən bu iş başlayandan bir dəfə də ifadə verməmişəm, amma mənim adımdan istifadə edərək başqa saxlanılanlara yalan məlumat verib ifadə almağa çalışırlar. Bizə irəli sürdükləri ittihamlarla bağlı əllərində heç bir sübut yoxdur. Yalandan guya iş görürlər oyunu oynayırlar”

Daha sonra çıxış edən baş redaktor Sevinc Vaqifqızı (Abbasova) bildirib ki, onlar korrupsiya araşdırmalarına görə həbs olunublar:

“Biz bu qəfəsə İlham Əliyevin, Əli Nağıyevin, onların əlaltılarının, qohum-qardaşlarının korrupsiyalarını araşdırdığımıza görə salınmışıq. Bu zalda oturan hakimlər də, müstəntiq, prokurorlar da onların əmr quludurlar. Ona görə sizdən ədalətli qərar gözləmirik. Hamınızın adını sanksiya siyahısında görək”.

Jurnalist Elnarə Qasımova isə Həsən bəy Zərdabidən sitat gətirib: "Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər il on qəzet oxuyandan biri oxuduğunu anlasa, onların qədəri ilbəil artar".

Daha sonra əlavə edib ki, bu gün də oxuduğunu anlayıb aydınlananların sayı artmasın deyə onlara doğru xəbər verən müstəqil jurnalistlər həbsdədir. O, məhkəmədən heç bir ədalət gözləmədiyini bildirib. 

Araşdırmaçı jurnalist Hafiz Babalı isə prezidentin Almaniyadakı çıxışını şərh edib:

“Prezident Almaniyadakı çıxışında deyir ki, Azərbaycanda media azaddır. Azad media hazırda əlləri qandallı bu şüşə qəfəsdə dayanıb”.

Son olaraq çıxış edən jurnalist Nərgiz Absalamova isə istintaqın qanuna zidd şəkildə aparıldığını bildirib.

"Biz jurnalistika ilə məşğuluq. İstintaqı aparanlar telefon danışıqlarımızı dinləyib, şikayətçilərimizlə aramızda olan söhbətləri öyrənirlər. Bu jurnalist sirrinin yayılmasıdır və məhkəmədən də tələb edirəm ki, dərhal dayandırılsın. Bizim həbsimiz jurnalist fəaliyyətimizlə bağlıdır, bizi jurnalist olduğumuz üçün cəzalandırırlar".

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən "Abzas Media"nın rəhbərliyi və əməkdaşları ötən ilin noyabrından etibarən "qaçaqmalçılıq" ittihamı ilə həbs ediliblər. 

Hazırda medianın 6 üzvü həbsdədir. Eyni iş üzrə parlamenti monitorinq edən “meclis.info” saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin sədri Anar Məmmədli də həbs edilib. 

Jurnalistlər, yerli və beynəlxalq hüquq müdafiəçiləri "Abzas Media" ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun