Daha 4 bankın lisenziyası ləğv olunub.

Daha 4 bankın lisenziyası ləğv olunub.
22 İyul 2016
Mətni dəyiş
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
“APA-Economics”-in xəbərinə görə, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib: “Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib”.
Lisenziyaları ləğv olunan "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat təşkil edir.
Onun sözlərinə görə, bu bankda qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.
“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 103 mln. 969 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 54 mln. 885 min təşkil edir. Qorunan əmanətçilərin sayı 26 min 324 nəfərdir.
“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.
“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 24 mln. 272 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 32 mln. 914 min təşkil edir. Qorunan əmanətçilərin sayı 3 544 nəfərdir.
A. Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi üçün hələ ki agent bank seçilməyib: "Bu, məhkəmənin sığorta hadisəsinin baş verməsi ilə bağlı qərarından sonra bəlli olacaq".
Adıçəkilən banklar Əmanətlərin Sığortalanması Fonduna üzvdür və əhalinin bu banklarda olan qorunan əmanətləri fond tərəfindən ödəniləcək.
22 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nın nəzarəti altında aparılacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun