Konstitusiya dəyişiklikləri ilə bağlı Referendum aktı layihəsinə hüquqi rəy - II yazı

Konstitusiya dəyişiklikləri ilə bağlı Referendum aktı layihəsinə hüquqi rəy - II yazı
23 İyul 2016
Mətni dəyiş
Prezident İlham Əliyevin Konstitusiya dəyişiklikləri ilə əlaqədar Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərməsi ilə bağlı sərəncam gündəmin əsas müzakirə mövzularındandır.
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilib və yaxın günlərdə məhkəmənin rəyi açıqlanacaq.
Abzas.net olaraq hüquqşünas Zaur Qurbanlının “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə rəyini tədqim edirik. Bu yazı rəyin ikinci hissəsidir.
I hissəni buradan oxuya bilərsiniz. 
II hissə
  1. 36-cı maddədə:
6.1. II hissədən “və digər silahlı birləşmələrdə” sözləri çıxarılsın;
6.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.”.
9-cu maddənin I hissəsinə təklif edilən dəyişiklik barədə şərhimdə “və digər silahlı birləşmələr” ifadəsinin çıxarılması barədə yazmışam.
36-cı maddəyə əlavə edilməsi təklif edilən IV hissədə lokautun qadağan edilməsi barədə yazılıb. Lakin, təəssüf ki, lokautun nə olması açıqlanmır. “Lockout” sözünün ingilis dilindən tərcüməsi işəgötürən tərəfindən onun tələbləri yerinə yetirilənədək işin dayandırılması və ya işçilərin işə gəlməsinin qadağan edilməsi mənasına gəlir.
  1. 47-ci maddənin III hissəsində “sosial” sözündən sonra “və hər hansı digər meyara əsaslanan” sözləri əlavə edilsin.
Təklif edilən bu dəyişiklik fikir və söz azadlığını daha da məhdudlaşdırır. Belə ki, maddənin hazırkı mətnində qeyd olunur ki, “III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.” Hansı təşviqat və təbliğat növlərinin qadağan edildiyi maddədə göstərilib. Lakin bura “və hər hansı digər meyara əsaslanan” ifadəsi əlavə ediləndə
birincisi, bu meyarın nədən ibarət olunduğu bilinmir, qanunverici tərəfindən açıqlanmır,
ikincisi, “hər hansı” ifadəsi ilə istənilən meyarın bura aid oluna biləcəyi qeyd edilir. Yəni təklif olunan bu əlavə ilə məhkəmələrə öz mülahizələrinə görə istədikləri meyarı qadağanedici siyahıya salmaq səlahiyyəti verilir. Məsələn, hər hansı siyasətçi rəqibinə qarşı tənqid və ya inkaredici ifadə işlətsə, məhkəmə bunu ədavət yaradan hal kimi qəbul edib qadağan edə və buna görə şəxsi cəzalandıra bilər. “Hər hansı meyar” o deməkdir ki, ədavət yaradıldığını ehtimal və ya iddia etmək kifayətdir, hansı meyara görə ədavətin və düşmənçiliyin yaradılması isə əhəmiyyət kəsb etməyəcək. Azərbaycan dilinin izahlı lüğətinə əsasən, ədavət “ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi. Ümumiyyətlə, düşmənçilik, düşmənlik.” anlamlarına gəlir. Maddəyə yeni təklif edilən əlavəyə əsasən, səbəbindən, meyarından asılı olmayaraq, kiminsə başqasına hətta ürəyində belə düşmənçilik etməsi qadağan edilir.
  1. 49-cu maddənin II hissəsində “etməklə” sözündən sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözləri əlavə edilsin.
Bu əlavə də məhdudlaşdırıcı xarakter daşıyır. Sərbəst toplaşmaq azadlığının reallaşdırılmasına şərt qoyulur və bu şərt qeyri-müəyyən terminlərlə ifadə olunur. “İctimai qayda və ictimai əxlaq” ifadələri altında nəyin nəzərdə tutulduğu nəinki Konstitusiya ilə, heç başqa normativ-hüquqi aktlarla da müəyyən edilməyib. “İctimai” epiteti dövlət tərəfindən qoyulmayan, cəmiyyətin özü tərəfindən formalaşan, tətbiq edilən münasibətləri ifadə edir və bu, zaman və məkana, baş vermiş hadisələrə, proseslərə, təbliğata müvafiq olaraq, daim dəyişən bir şeydir. İctimai qadağaların, yaxud ictimaiyyət tərəfindən qınanılan əməllərin cəzalandırılmasını dövlət öz üzərinə o halda götürə bilər ki, bu, insan və vətəndaş hüquq və azadlıqlarını pozmaq gücündə olsun. Dövlətin ictimai qınağa tuş gələn hadisələri hüquq və azadlıqları məhdudlaşdıraraq cəzalandırması kobud pozuntu olar. Hüququn əsas mənbələrindən biri adətlərdir. Amma adətlər sanksiyalaşdırılmadıqca hüquq mənbəyi rolunda çıxış edə bilməz. Adətlər sanksiyalaşdırılarkən isə, konkret hansı müddəanın və ya cümlənin qanuna daxil edildiyi aydın yazılır, bu adətin qanunvericilik səviyyəsinə qaldırılması zəruriyyəti əsaslandırılır, xüsusən də bu adətin insan və vətəndaş hüquq və azadlıqlarına zidd olmamasına, hansısa etnik, dini və ya digər qrupun mənafeyini, ənənəsini üstün tutmamasına diqqət edilməlidir. Məsələn, alınan malların 14 təqvim günü ərzində geri qaytarılması kimi qanunvericilik müddəası adətlərdən götürülərək, Mülki Məcəlləyə daxil edilib.
Azərbaycan Respublikasında yüzlərlə etnik qrup, bir neçə dinə inanan insanlar yaşayırlar. Onların hər birinin ictimai qınağı digərindən fərqlənə bilər. Ona görə də “əxlaq”, “ictimai qayda” kimi qiymətləndirməyə, subyektiv mülahizəyə açıq olan ifadənin Konstitusiya kimi ali hüquqi sənəddə qeyd edilməsi, bu cür “elastik” mülahizələrdən insan və vətəndaş hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün istifadə edilməsi hüquqaziddir. (ardı aşağıda)
konstitusiya məhkəməsi
  1. 53-cü maddənin I hissəsində “heç bir halda” sözləri çıxarılsın və “vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)” sözləri əlavə edilsin.
Bu əlavə də Azərbaycan Respublikası vətəndaşlarının hüququnu məhdudlaşdırır və eyni zamanda Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır. Belə ki, 30 may 2014-cü ildə, 30 sentyabr 2015-ci ildə və 04 dekabr 2015-ci ildə qəbul edilmiş qanunlarla “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilmiş, Azərbaycan Respublikası vətəndaşlarının “vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi” kimi obyektiv səbəbdən vətəndaşlığı itirməsi halından başqa aşağıdakı hallarda da vətəndaşlığı itirməsi qeyd edilmişdir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi.
 
Bu, Konstitusiyaya zidd müddəlardır və dəyişdirilməli idi. Lakin Konstitusiyaya təklif edilmiş bu dəyişikliklə bu halın əksi baş verir – qanun Konstitusiyaya yox, Konstitusiya qanuna uyğunlaşdırılır. Bu isə Konstitusiyanın 149-cu maddəsinin III hissəsinə ziddir.
  1. 56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözləri “seçilmək” sözü ilə əvəz edilsin.
Bu dəyişiklik hüquq və azadlıqların nisbətən genişləndirilməsidir. Belə ki, hazırkı müddəaya əsasən, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin həm seçmək, həm də seçilmək hüququ (bu, maddədə seçkilərdə iştirak etmək hüququ kimi verilib) qanunla məhdudlaşdırıla bilər. Seçkidə iştirak aktiv və passiv seçki hüququnun həyata keçirilməsi ilə mümkün olur. Aktiv seçki hüququ seçmək – səs vermək hüququdur, passiv seçki hüququ isə seçilmək – namizəd olmaq hüququdur. Təklif edilən dəyişiklik aktiv seçki hüququnun – seçmək hüququnun məhdudlaşdırılmasını istisna edir.
  1. 57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər.”.
Bu dəyişiklik də vətəndaşların bir qisminin hüquq və azadlıqlarını məhdudlaşdırır. Maddənin birinci cümləsi hər bir Azərbaycan Respublikası vətəndaşına dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququnu tanıyır. Təklif edilən ikinci cümlə isə hərbi qulluqçuları kollektiv müraciət etmək hüququndan məhrum edir.
 
  1. 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
    konstitusiya
“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”.
Bu dəyişiklik hüquqi zəruriyyətdən irəli gəlmir. Cinayət hesab edilən məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklərin qadağan olunması onsuz da Cinayət Məcəlləsində kriminallaşdırılıb, bunu Konstitusiyada yazmaqla, heç bir şey dəyişmir.
  1. 59-cu maddədə:
13.1. maddənin mətni I hissə hesab edilsin və həmin hissədən “qanunla nəzərdə tutulmuş qaydada” sözləri çıxarılsın;
13.2. aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir.”.
Bu dəyişiklik hüquq və azadlıqların nisbətən genişləndirilməsidir. “Qanunla nəzərdə tutulmuş qaydada” ifadəsi sahibkarlığın qanunvericilikdə sadalanmayan və hüquqazidd olmayan növü ilə məşğul olmağı istisna edə bilir, indi isə bu maneə aradan qaldırılır. Eləcə də əlavə edilməsi təklif edilən ikinci hissə dövlətin sahibkarlığa müdaxilə sərhədlərini müəyyən edərək, azad sahibkarlığa formal cəhətdən daha çox imkan yaradır. Lakin dövlətə “dövlət maraqları”nı əsas tutaraq, sahibkarlığa müdaxilə etməsi üçün əlavə arqument də verir. Burada sahibkarlıq hüququnun bu dəyişiklikdən necə təsirlənməsi hüquq tətbiqedicinin iradəsindən də asılıdır.
  1. 60-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
  1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
  2. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
  1. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.
Bu dəyişiklik təklifi ilə hüquq və azadlıqların inzibati təminatı anlayışı Konstitusiyaya əlavə edilir. Bu da qanunlar səviyyəsində edilmiş dəyişiklikdən sonra Konstitusiyanın daha aşağı akta uyğunlaşdırılması cəhdidir. Belə ki inzibati icraat sahəsində qəbul edilmiş Məcəllə və digər aktlar artıq qüvvədədir.
  1. 68-ci maddədə:
15.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;
15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;
15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:
“I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;
“IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”.
Təklif edilən I hissə korrekt hüquqi dildə verilməyib. “Vicdanlı davranışına hüququ” qrammatik cəhətdən yanlış birləşmədir, bu, “vicdanlı davranışa məruz qalmaq hüququ” kimi ifadə olunsa, daha düzgün olar. Təklif edilən IV hissədə isə dövlətin və dövlət qulluqçularının törətdikləri pozuntuya görə yalnız mülki məsuliyyət daşıması qeyd olunub. Düzdür, orada cinayət və inzibati məsuliyyət daşımaları istisna edilməyib, amma yalnız mülki məsuliyyətin qeyd edilməsi genişləndirici təfsiri istisna edən hüquq tətbiqedici tərəfindən məhz cinayət və inzibati məsuliyyətin dövlət və dövlət qulluqçularına tətbiq olunmaması anlamına gəldiyi kimi şərh oluna bilər. Bu isə insanların dövlət qarşısında müdafiə imkanlarını daraltmaqla hüquq və azadlıqlarını məhdudlaşdırır. (ardı aşağıda)
 
konstitusiya məhkəməsinin binası
 
  1. 71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”.
71-ci maddənin II hissəsinin ikinci cümləsi hüquq və azadlıqların məhdudlaşdırılması əsasları haqqındadır: “Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.” Bu cümlədə mütənasiblik vurğulanmasa da, hədlər göstərilib – hüquq və azadlıqlar digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Burada “digərləri” dedikdə digər insanlar nəzərdə tutulur, dövlət və ya təşkilatlar yox. Ona görə də əlvə kimi təklif edilən cümlədə hüquq və azadlıqların mütənasibliyi üçün əsas meyarın dövlət tərəfindən gözlənilən nəticəsinin götürülməsi şəxslərin hüquq və azadlıqlarını ikinci cümlədə göstəriləndən daha çox məhdudlaşdıra bilər. Çünki ikinci cümləyə əsasən, fərdin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqlarının pozulmaması üçün əsas götürülən həddə mütənasib olmalıdır.
Konstitusiyanın 155-ci maddəsinə əsasən, Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Yuxarıda yazdıqlarımdan görünür ki,  III fəsilə daxil olan 29, 32, 47, 49, 53, 57, 59, 68, 71-ci maddələrə təklif edilən əlavə və dəyişikliklər iunsan hüquq və azadlıqlarını məhdudlaşdırır və bu məhdudiyyətlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən irəli gəlmir, əksinə beynəlxalq nəzərdə tutduğundan daha artıq məhdudiyyət nəzərdə tutur. Buna görə də bu 9 maddəyə edilən bu əlavə və dəyişiklik təkliflərinin referenduma çıxarılması Konstitusiyaya ziddir. 
Ardı var
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun