12 saatlıq Cenevrə görüşü başa çatıb, Suriya məsələsində razılıq əldə olunub

12 saatlıq Cenevrə görüşü başa çatıb, Suriya məsələsində razılıq əldə olunub
27 Avqust 2016
Mətni dəyiş
İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi John Kerry arasında görüş başa çatıb. Danışıqlar qısa fasilələrlə 12 saatdan çox davam edib.
Tərəflərin əsas müzakirə mövzusu Suriyadakı son vəziyyət və onun aradan qaldırılması olub. Lavrov və Kerry danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçiriblər.
Lavrov görüşdən sonra təşkil edilən mətbuat konfransında, Suriya höküməti və müxalifəti barədə konkret istiqamətlərdə ABŞ-la razılığa vardıqlarını açıqlayıb.
"Tərəflərlə çalışacağımız konkret istiqamətlər mövzusunda razılaşdıq. Prosesin inkişafı və normallaşması üçün Rusiya Şam rəhbərliyi ilə, ABŞ müxalifətlə çalışacaq. Regional əməkdaşlarımızla də birlikdə hərəkət edəcəyik" - deyən Lavrov, Suriya ilə əlaqədar həll edilməyi gözləyən çox az problemin qaldığını, mütəxəssislərin gələcək həftə Cenevrədə bu mövzularla bağlı çalışacaqlarını qeyd edib.
Suriya xalqının yaxın müddətdə Rusiya və ABŞ arasında artan güvənin faydalarını hiss edəcəyini umduğunu dilə gətirən Rusiyalı nazir, iki ölkənin başda Hələbdə yaşayanlar olmaqla Suriya vətəndaşlarına humanitar yardımın təmin edilməsi mövzusunda da bütün addımların birlikdə atılacağını bildirib.
Müxalifət ilə terroristləri bir-birindən ayırmadan Suriyada uzun müddətli və əhatəli atəşkəs təmin etmənin mümkün olmayacağını deyən Lavrov, bu problemin dəqiq həlli variantları üçün hər iki tərəfin çalışacağına ümid edir.
Rusiyalı nazir həmçinin Suriyadakı hansı qrupların terror təşkilatı "Nusra" ilə birgə fəaliyyət göstərdiyinə dair məlumatı ABŞ-lı həmkarına verdiyini bildirib: "Ümid edirəm ki, ABŞ-lı dostlarımız bu məlumata baxar və bundan lazımi qədər faydalanarlar".
Daha sonra Türk Silahlı Qüvvələrinin Cerablus bölgəsində təşkil etdiyi hərbi əməliyyatla əlaqədar çıxış edən Lavrov, baş verənlərin Suriya rəhbərliyi ilə koordinasiyalı şəkildə həyata keçirilmədiyini ifadə edib.
ABŞ xarici işlər naziri John Kerry isə konfransda sözlərinə belə başlayıb: "Cenevrədə keçirilən görüş uzun sürsə də, məhsuldar və konstruktiv oldu".
Suriyada atəşkəsin dəyərli olduğunu amma pozuntuların istisna deyil, normal hala gəldiyini söyləyən Kerry, "Suriyada uzun müddətli atəşkəsi əldə etsək silahlı qarşıdurmanın vəziyyətini tamamilə dəyişdirə bilərik" fikrini səsləndirib.
Kerry bildirib ki, Rusiya və ABŞ Suriya məsələsində birlikdə necə irəliləyəcəklərinə dair anlaşma əldə ediblər və son olaraq texniki danışıqların tamamlanması gözlənilir: "Suriyadakı böhranın hərbi həlli olmadığını Rusiya və ABŞ olaraq qəbul edirik. Həllini gözləyən bəzi kiçik problemlər qalıb. Cenevrədə danışıqlar bundan sonra da davam edəcək".
Sonda Suriyada müstəqil kürd dövlətinin qurula bilmə ehtimalından söz açan Kerry, Nusra'nın heç bir zaman atəşkəsin bir parçası olmadığını, Suriyanın bölünməz olduğunu bildirib.
Müstəqil bir kürd dövlətinin meydana gəlməsini dəstəkləmədiklərini deyən Kerry, "Türkiyədəki dostlarımızın həssaslığını çox yaxşı anlayırıq. ABŞ vitse-prezidenti Joe Biden dünən Türkiyədə səfərdə idi və bu mövzuda bizim fikrimizi orda da xüsusi şəkildə vurğulayıb".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun