Cahangir Hacıyevin bacısı: "Çıxışımıza "stop"qoyulub, əmlakımıza da həbs"

Cahangir Hacıyevin bacısı: "Çıxışımıza "stop"qoyulub, əmlakımıza da həbs"
26 Avqust 2016
Mətni dəyiş
"Bu işlər birinci gündən Samir Şərifovun quramasıdır"
Bu sözləri həbs olunan Beynəlxalq Bankın eks rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevə məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib. Əminə Hacıyevanın sözlərinə görə, Cahangir Hacıyevin saxlanma şəraiti, ona qarşı qarşı davranış çox pis olub:
"Cahangirə qarşı qara kampaniya aparılır. Qırmızı Xaç Komitəsinə də müraciət etmişik. İki gün əvvəl yanına gəlmişdilər. Yenə də bir nəticə olmadı. Soyuducu yoxdur, su da vermirlər. Mətbuatda yazılanları da başa düşə bilmirik. Bəzi saytlarda nə ixtiyarla qardaşımı “Canik” adlandırıblar. O saytlar sarı mətbuatdır. Bütün onların yazdıqları yalandır. Hanı bəs, yazmışdı ki, təyyarələri, villaları tapılıb?"
Əminə Hacıyeva bildirib ki, heç nə sübut olunmadı, Cahangir özü də, vəkilləri də cinayət işində olan materialları oxuyub:
"Bir dənə də istintaq materiallarında onun təqsiri sübuta yetirilməyib. Cahangir günahkar deyil. Mən bunu bir bacı kimi yox, Azərbaycan vətəndaşı kimi deyirəm. Bağımızı da, evimizi də gördülər. Yalandan yazıldığı kimi, Çexiyada olan villalar yoxdur. Bunun hamısı böhtandır. Bu işlər elə birinci gündən Samir Şərifov tərəfindən quramadır. Günahlarını seçib bir nəfərin üstünə atdılar. Cahangir ağıl baxımından onların hamısından yüksək idi. Beynəlxalq dərəcəli iqtisadçı idi, Amerikada iqtisadiyyat universiteti bitirmiş bir insandır". (ardı aşağıda)
Cahangir Hacıyev
Ə.Hacıyevə deyib ki, onun bank hesablarına “stop” qoyulub, bu da təzyiqin bir növüdür, Cahangirin bacısı olduğu üçün onun da ölkədən çıxışına qadağa qoyulub:
"Bu nə dərəcədə qanunidir? İkincisi, bizim ailədə Cahangirin kartından götürülən pullar səhmlərə yönəldilib. Ancaq bankın mərkəz filialının müdiri olan Anar Sultanov məhkəmədə bunu demədi. Qorxdu. Ailə üzvlərinin adına səhmlər alınıb ki, onlar dağılmasın və bankın içində qalsın. Cahangir özü də dedi ki, bu kapitalın artırılması üçün edilib. Mənim, qızlarımın, hamımızın adına səhmlər olub. Ancaq bank indi bunları vermir. Bank rəsmi şəkildə bunları verməlidir. İndi də mənə verilən məxaric orderində mənim imzamı saxtalaşdırıblar. Həmin orderdə tarixi də saxtalaşdırıblar. Qeyd edilib ki, guya bizə pul verilib, amma biz bunu gizlədirik. Milyonları necə veriblər? Parkda, Bulvarda, küçədə? Harada veriblər bizə bu milyonları? Əgər bu pul verilibsə, deməli biz banka getmişik. Bankda kameralar var. Bunu sübut edə bilərlər. Ancaq biz nə tələb ediriksə, gizlədirlər. Sənədləri vermirlər".
Cahangir Hacıyevin bacısı bildirib ki, bankın indiki rəhbərliyi Samir Şərifovun ağzına baxır. Cahangir Hacıyev isə Samir Şərifovun ağzına baxmırdı. Ona görə də lazım idi ki, tez onu oradan çıxarsın.
"Qızıma da “stop” qoyulmuşdu. Bütün əmlakımıza da həbs qoyulub. Mən bunu ilk dəfədir deyirəm. Bizim anamız rəhmətə gedib. Mən onun varisiyəm. Ancaq Dövlət Reyster Xidmətinə deyilib ki, Əminə Hacıyevaya çıxarış verməyin. Və mən vərəsəlik ala bilməyim. Anamın iki övladı var. Cahangir və mən. Cahangir özü varis olmaqdan imtina edib. Bizim aramızda belə söhbətlər yoxdur. Ancaq o, həbsdə olaraq bundan imtina etdi. Cahangirin payını vermirlər, bəs hansı ixtiyarla mənim də payımı vermirsiniz? Mən ömrümdə bircə dəfə də olsun kredit götürməmişəm. Mənim özümün tər-təmiz səhmlərim var. Ancaq onu da mənə vermirlər", - deyə Əminə Hacıyeva vurğulayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun