Dövlət Təhlükəsizlik Xidməti "pomidor-xiyar pulu" yığır?

Dövlət Təhlükəsizlik Xidməti "pomidor-xiyar pulu" yığır?
19 Avqust 2016
Mətni dəyiş
Bloqqer Mehman Hüseynov sosial şəbəkədə bu gün başına gələn maraqlı bir hadisəni paylaşıb. Şabranda deputat Tahir Süleymanovun villasından reportaj hazırlayandan sonra DTX-nın rayon şöbəsindən ona zəng edib pomidor-xiyar pulu tələb ediblər və beləcə aralarında maraqlı bir dialoq yaranıb. Bloqqerin yazdığı paylaşımı təqdim edirik. 
Bugün başıma maraqlı bir hadisə gəlib. Telefonuma zəng gəlir. Açdım və dialoq başladı.
Naməlum adam: Mehman, rəis göndərib gəlmişəm, aşağıdayam pulu götür gəl.
Mehman Hüseynov: Salam qardaş, söhbət hansı puldan gedir, başa düşmədim?
Naməlim adam: Mehman dolamısan? Rəis sənə icazə verib də o işi görməyə, get rahat pomidor-xıyarını ək. Dünən otaqda dedi axı sənə ki, adam göndərəcək "dolyanı" ona verərsən.
M.Hüseynov: A kişi, hansı pomidor xiyardan danışırsan. Hansı rəis?
Naməlum adam: Mehman, elə eləmə ki rəis zəng eləsin, dünən Şabran Rayon Dövlət Təhlükəsizlik İdarəsində deyildin sən?
Bloqqer qeyd edir ki, həmin vaxt nəyinsə səhv getdiyini başa düşüb. Amma Mehman Hüseynov 5 gün əvvəl Şabranda olub və deputatın evini çəkmişdi:
"Şabran Rayon Polis Şöbəsində olmuşdum və orda nömrəmi götürmüşdülər. Video yayılandan sonra görünür nömrəmi ötürüblər Şabran Rayon Dövlət Təhlükəsizlik İdarəsinə ki məni araşdırsınlar və yəqin rayonda hansısa Mehman adlı vətəndaşdan hansısa işə görə pul qopardıblar, səhvən isə mən Mehmana zəng ediblər. Özümü itirmədim telefonda, düşündüm söhbəti axıra kimi aparım".
Dialoq davam edir...
Mehman Hüseynov: Qardaş, rəisə denən mənə zəng eləsin.
4 dəqiqə keçir başqa bir nömrədən zəng gəlir.
Həmin adam: (qışqıra qışqıra) Mehman, a kişi, səni aşağıda adam gözləyir, düş pulumu ona çatdır, tez ol. Söz danışmışıq axı.
M.Hüseynov: Birincisi anqırma, normal danış, ikinci isə başa düşmədim hansı kişi, nə pulu?
Həmin adam: Elə eləmə ki səni tutdurum, dünən axı səninlə idarədə danışdıq. Sənə icazə verirəm, get o işinlə məşğul ol rahat, pomidor-xıyarını ək. Sənə heç kim, heç nə dəyib dolaşmıyacaq.
M.Hüseynov: Ümümiyyətlə, siz kimsiz? Özünüzü bir təqdim edin!
Həmin adam: Şabran Rayon Dövlət Təhlükəsizlik Xidmətin rəis müavini... Ay Mehman, dünən axı Şabranda idarədə söhbət eləmişik, danışdıq, məsələni həll elədik.
M.Hüseynov: Qulaq as a kişi, siz bilmirəm hansı Mehmana zəng eləmisiz, amma hal-hazırda sizinlə danışan Mehman Hüseynovdu. Jurnalist-blogger, hansı ki, 5 gün əvvəl Şabran rayonunda olmuşdum və deputatın mülkləri və özbaşnalığlı ilə bağlı çəkiliş aparmışdım. Siz hansı pomidor-xıyardan, hansı puldan danışırsız başa düşmürəm. Mənim nömrəmi götürmüşdülər Şabran rayon polis idarəsində və görünür nömrəmi sizə ötürüblər ki, bu adamı araşdırın. Siz də yəqin Şabranda yaşayan, xıyar-pomidor və ya başqa şey əkən Mehman adlı vətəndaşa zəng eləməkdənsə, səhvən mənə zəng eləmisiz.
Fasilədən sonra rəis müavini təntiyə təntiyə deyir: Mehman, qardaş, üzr istəyirik, biz başqa adam zəng eləmişdik, səhvən sizi narahat elədik. Çox xahiş edirik, bu söhbəti unudun. Hesab edin ki, olmuyub. Telefonu bağlayır.
2 dəqiqədən sonra rəis müavini yenə zəng edir: Mehman, qardaşım, bir daha narahat edirəm, xahiş edirəm, bizi bağışlayasız, səhvən zəng elədik.
Bloqqer deyir ki, rəis müavini ya onu yaxşı tanımır, ya fikirləşib ki, uşağa zəng edib başını aldada bilib:
"Məndə başıma gəldiyi bu əhvalatı yazdım. Qoy hamı görsün ki, rayonlarda bunlar nə hoqqalardan çıxırlar. Və sabah zəng edəcəm o həminki nömrəyə, deyəcəm ki, "Rəis pomidor-xıyarın pulunu facebookda göndərdim, açıb oxuyarsan", qoy dəli olsun".
Mehman Hüseynov qeyd edir ki, Şabran və Siyazəndən seçilən deputat Tahir Süleymanov haqda çəkdiyi videoreportaj görünür rayonu bir birinə qatıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun