Mehman Hüseynov: "Deputatlar qorxaqdılar, villalarda gizlənib..."

Mehman Hüseynov: "Deputatlar qorxaqdılar, villalarda gizlənib..."
12 Avqust 2016
Mətni dəyiş
Jurnalist Mehman Hüseynovun 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş Tahir Süleymanovun Siyəzən rayonunda yerləşən villası haqqında çəkdiyi reportaj cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilmişdi. Deputat Tahir Süleymanov reportaj haqqında verdiyi açıqlamadan sonra Mehman Hüseynovdan cavab gecikmədi. Bloqqer bu barədə sosial şəbəkədə yazıb:
Hüseynov deyir ki, əgər sən deputatsansa, millətin sənin bütün işlərindən xəbəri olmalı, fəaliyyətin şəffaf, açıq olmalıdır:
"Mənim isə hüququm və icazəm var ki, ölkədə vəzifəsindən aslı olmayaraq hər bir məmurun evini çəkim, mülklərini çəkim, özünü çəkim, nə ilə məşğul olduğunu çəkim. Millətin seçdiyin deputata hansı sualı istəsəm onu da verə bilərəm, misal üçün, yaşadığı villanı hansı pulla tikib? Həmçinin seçkili orqanlarda təmsil olunanlar qanuna uyğun olaraq mülkləri və gəlirləri haqqında deklarasiya təqdim etməlidirlər. Bu məlumatlar da Azərbaycan xalqına açıq olmalıdır. Lakin sizin kimi saxta deputatlar qorxaqdılar, villalarda gizlənib vətəndaşlardan uzaq dururlar".
Bloqqer bildiri ki, insanlar deputatları heç bir yerdə tapmır ki, onlara dərdini desin, şikayətini bildirsin, millət vəkillərini sorğu sual etsinlər:
"Deputat deyir ki, "adamın evi olar". Bəli adamın evi olar, ama 1500 manat maaş alan deputatın 20-30 milyonluq villası ola bilməz. Bu, qeyri-mümkündür. Gərək həmin deputat bir 200 il də işləsin ki, aldığı maaşla belə bir villa tiksin (hələ bu bildiyimiz villasıdı). Deməli sizin başqa bir saxta işiniz də var ki, xalqımız bilmir. Deyə bilərsiniz sizin şəxsi biznesiniz var. Onda sizə cavabım odur ki, Azərbaycan qanununverciliyinə görə deputat heç bir biznes ilə məşğul ola bilməz. Qanun sizə qadağa edir bunu! İndi siz deyin görüm, hansı pulla bu cür 20-30 milyonluq villanı tikmisiniz?"
Mehman Hüseynov sual edir ki, qiymətlərin qalxmasına etiraz olaraq Siyəzən camaatı ayağa qalxanda bildirdiniz ki, vətəndaşların başı qaçıb, içkilidilər, özləri bilmirlər nə istəyirlər, budurmu sizin xalqa xidmətiniz?
"20 ildi deputatsınız Milli Məclisdə oturub 2 dəfə ağzınızı açmısınız. Siz hansı üznən gəlib mənə irad bildirisiniz? Hələ siz durub mənə çox sağ ol deməlisiz ki, mən sizin haqqınızda videosujet çəkib xalqa göstərdim, heç olmasa indi camaat Tahir adlı bir deputatımızın olduğunu öyrənir" - deyə tanınmış bloqqer ittihama cavabında qeyd edir.
Hüseynov sonra ölkədəki söz azadlığından, televiziyaların vəziyyətindən danışır və deyir ki, bütün televiziyalar pul ilə sındırılıb, deputat elə bilirdi onu də elə sındıra biləcəklər: "Lakin bu da mümkün olmadı. Sizin qardaşınızın mənə təklif elədiyindən imtina elədim və bildirdim ki, bunu aparıb o deputatın üzünə vurarsınız!"
Və sonda jurnalist deputatın din adamı olduğu, Allahın xoşuna gələn işlər gördüyü fikrinə də münasibət bildirib: "Ay Tahir sən necə din adamısan ki, baxımsız məscidin yanında kasıb bir ailənin evini söküb özünə villa tikmisən? Villa da məsciddən 2-3 qat hündür və daha gözəldir."
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun