Milli komanda, yoxsa legioner komandası?

Milli komanda, yoxsa legioner komandası?
26 Avqust 2016
Mətni dəyiş
Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazandı. Bununla bağlı Milli Şuranın sədri Cəmil Həsənli ətraflı fikirlərini bölüşüb. Yazını təqdim edirik:
2016-cı ilin XXXI yay oyunları başa çatdı. İndi artıq onun yekunlarını qiymətləndirmək olar. Bu oyunlar Azərbaycan hakimiyyətinin idman siyasətinin yanlış olduğunu ortaya qoydu. Ölkəmiz bu yarışlarda idmanın 17 növü üzrə 56 idmançı ilə iştirak edib.
Bu 56 nəfərin 35-ü müxtəlif ölkələrdən yaxşı qonarar müqabilində dəvət edilmiş idmançılardır. Olimpiyada iştirak edən ikinci bir komanda yoxdur ki, onun 62 faizdən çoxu legionerlərdən ibarət olsun.
Yarışların gedişində Azərbaycan bayrağı altında çıxış edən beynəlmiləl yığmamız 18 medal qazanaraq yarış cədvəlində 39-cu yeri tutub. Bu 18 medalın yalnız biri qızıldır və onu da Radik Veledinoviç İsayev qazanıb.
İsayev Dağısantanda doğulub, Rusiya vətəndaşı olub, Rusiya idman ustasıdır və bir sıra beynəlxalq yarışlarda Rusiyanı təmsil edib. Lakin o, 2012-ci ildən Azərbaycan komandasının tərkibində çıxış edir. Bütün hallarda bu mühüm qələbə münasibəti ilə Radiki təbrik edirik.
Azərbaycan komandasının qazandığı 7 gümüş medaldan 4-ü legioner idmançıların payına düşür. Bunlar Ukraynalı Valentina Demyanenko və Mariya Stadnik, Kubalı Kollazo Sotomayo, Rusiyalı Xeteq Qazyumovdan ibarətdir.
Ölkəmizin qazandığı 10 bürünc medalın isə yarısını, yəni 5-ni legionerlər qazanıb. Bunların ikisi ukraynalı (İrina Osipenko –Radomskaya və Nataliya Sinişin), ikisi iranlı (Milad Beiqi Xarçeqani və Sabah Şəriəti) və biri isə rusiyalıdır (Patimat Abakarova).
Yəni Azərbaycanın qazandığı 18 medaldan 10-nu xarici ölkələrdən müəyyən şərtlər əsasında dəvət edilmiş legionerlər, 8-ni isə yerli idmançılarımız qazanıblar. Lakin Azərbaycan komandasının tərkibində legionerlərin sayı medal qazanan idmançılarla bitmir.
Komandanın tərkibində olan 35 legionerin yalnız 30 faizdən bir qədər azı medal qazana bilib. 23 yerli idmançının isə 33 faizi ölkəyə medal gətirə bilib. Bu göstəricilər yaxşıdır, yoxsa pisdir?
Gəlin, Azərbaycan idmançılarının yay olimpiadasındakı göstəricilərinə qonşu ölkələrin göstəriciləri ilə müqayisəli formada baxaq. Azərbaycanla müqayisədə idmana cüzi vəsait xərcləyən qonşu Gürcüstan  olimpiadada demək olar ki, milli komanda ilə iştirak edib. Gürcüstanın 40 nəfərlik komandasının içərisində vur-tut 2 legioner (Hollandiyalı Ester Stam və relorus Anastasiya Xotfrid) idmançı olub.
Öz milli heyəti ilə Gürcüstan yarışlarda qazandığı göstəricilərə görə 38-ci yeri tutub, yəni Azərbaycandan bir pillə öndədirlər. Gürcülər 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla bu yeri tuta biliblər.
Medalları kimlər qazanıb? Qızıl medalları Laşa Talaxadze və Vladimir Xinçeqaşvili, gümüş medalı Varlam Liparteliani, bürünc medalları isə İrakli Turmanidze, Qeno Petriaşvili, Laşa Şavdatuşvili və Şmaqa Bolkvadze qazanımlar. Göründüyü kimi, medal qazanan idmançılar hamısı gürcüdür və bu da qonşu ölkədə idmanın inkişafına dəlalət edən mühüm bir göstəricisidir.
Bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanın rəsmi idman büdcəsi Gürcüstanın idman büdcəsindən bir neçə dəfə artıqdır. Eyni prosesi biz Ermənistanda da müşahidə edə bilərik. Gürcüstan və Azərbaycanla müqayisədə Ermənistanın göstəriciləri bir qədər aşağıdır. Lakin Ermənistan da yarışlarda milli komanda ilə iştirak edib. 32 idmançıdan yalnız 1-i (Georgi Ketoyev) Rusiyadan dəvət edilib.
Medalları istisnasız olaraq erməni idmançıları qazanıb: Artur Aleksanyan qızıl, Simon Martirosyan, Miqran Arutyunyan, Qor Minosyan isə gümüş medallar qazanmaqla  Ermənistan komandası yarış cədvəlində 42-ci yerdə qərar tutublar. Halbuki Azərbaycanın idmana ayırdığı rəsmi və qeyri-rəsmi büdcənin məbləği Ermənistanın idman büdcəsi və olimpiya xərclərindən müqayisəyəgəlməz dərəcədə böyükdür. Amma bu böyük büdcənin faydalılıq əmsalı qonşu ölkələrlə müqayisədə son dərəcə aşağıdır.
Əgər biz bu rəqəmləri Cənubi Qafqaz qonşuları ilə deyil, Orta Asiyada Özbəkistanla müqayisə etsək, daha acınacaqlı mənzərənin şahidi olarıq. İdmana xüsusi qayğısı və idman dövləti olmaq həvəsindən uzaq Özbəkistan XXXI yay olimpiadasının yekunlarına görə yarış cədvəlində 22-ci yeri tutub. Bu ölkənin idmançıları 4 qızıl, 2 gümüş, 7 bürünc medal qazanıblar. Bir nəfər Rusiyadan dəvət olunmuş bürünc medalçı İbrahimov Maqomed istisna olmaqla, qalan bütün medalçılar özbəkdir: qızıl medalçılar - Şaxobiddin Zoirov, Hasanboy Dusmatov, Fazliddin Qaibnazarov, Ruslan Nuriddinov; gümüş medalçılar – Bektemir Melikuziyev, Şaxram Qiyasov; bürünc medalçılar – Murodcan Axmadaliyev, Rustam Tulaqanov, Diyorbek Uruzboyev, Rişad Sobirov, Elmurat Tasmuradov və bir də yuxarıda qeyd etdiyimiz Maqomed İbrahimov.
Bu, artıq Özbəkistanda idmanın milli, yerli zəmində inkişafının aydın bir göstəricisidir ki, yarış cədvəlində ondan 17 pillə geri qalan Azərbaycan buna ancaq həsəd apara bilər. Rəsmi və qeyri rəsmi astronomik xərclər müqabilində Azərbaycan idmanının mötəbər beynəlxalq yarışda Özbəkistandan nə az, nə çox, 17 pillə geridə qərar tutması ölkənin idman siyasətinin yanlış olduğunun daha bir sübutudur.
Axı, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə müqayisədə, idmana böyük xərc çəkildiyi hər kəsə bəllidir. Xaricdən dəvət olunmuş idmançılarla imzalanmış müqavilələr kommersiya sirri hesab edilərək gizli saxlansa da, aydın məsələdir ki, bu 33 idmançı Azərbaycana idmana olan həvəslərinə və ölkəmizə olan “hədsiz məhəbbətlərinə” görə gəlməyiblər.
Əlbəttə, müxtəlif idman yarışları ilə bağlı ölkəyə xüsusi göstəriciləri olan tanınmış idmançıların gətirilməsi mümkündür, lakin bu, o demək deyil ki, Azərbaycan bayrağı altında çıxış edən komandanın 62 faizi xarici idmançılardan ibarət olmalıdır. Heç bir tamaşaçısı iddia edə bilməz ki, o, son yarışlarda Valentina Demyanenko, Mariya Stadnik, İrina Osipenko – Radomskaya, Nataliya Sinişin, Kollazo Sotomayo, Milad Beiqinin və digərlərinin Azərbaycan idmanı adına qazandığı medalların milli iftixar hissini yaşayıbdır.
Şübhəsiz ki, komandanın 62 faizinin xarici idmançılar hesabına formalaşdırılması ölkədə idmanın inkişafına mənfi təsir göstərən bir amildir. Belə medallar ölkədə idmanın inkişafının deyil, bilavasitə neft pullarının idmanda təzahürünün aydın bir ifadəsidir. Əgər beynəlxalq yarışlarda kubalı kubalı ilə oynayacaqsa, Azərbaycan tamaşaçısının idman təəssübkeşliyi necə müəyyən ediləcək? İdmana ayrılan rəsmi büdcə vəsaitlərindən başqa, hər idman növünün ayrı-ayrı nazirlərə və vəzifəli şəxslərə təhkim edilməsi bu sahəyə nəzarətsiz korrupsiya pullarının axınına səbəb olur və idmanın əvvəlcə korrupsiyalaşması, sonra isə kriminallaşmasını doğurur.
Qeyd edilən mənbələrdən əlavə, olimpiadanın yekunlarına görə medal qazanmış idmançılara və onların məşqçilərinə ayrılmış 4,2 milyon manat mükafat fondu dünya üzrə dövlət xətti ilə ayrılmış ən yüksək mükafat fondudur. Halbuki, elə həmin dövlət vətən üçün qanlarını tökmüş Qarabağ şəhidlərinin sığorta pulunu neçə illərdir ki, maliyyə çətinlikləri ucbatından onların ailələrinə ödəməkdən imtina edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun