Taleh Bağırzadə: Hər kəs “Azadlıq” qəzetinə dəstək olmalıdır

Taleh Bağırzadə: Hər kəs “Azadlıq” qəzetinə dəstək olmalıdır
26 Avqust 2016
Mətni dəyiş
Avqustun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda ötən proses zamanı ifadə verən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev sualları cavablandırıb. Təqsirləndirilən Abbas Hüseynov Elçin Tağıyevdən onu harda tutmasını soruşub. Elçin Tağıyev Abbas Hüseynovu həyətdə tutduğunu deyib.
Abbas Hüseynov isə şahidi yalan danışmaqda ittiham edib: “Deyirlər, guya mən 25 güllə atmışam, lakin polislərə dəyməyib. Mən Rembo-zadam? Mən kino çəkdirirdim orda? Mənə badalaq verib, Tom Cerrini tutan kimi yerə yıxıb, tutublar”.
Hakim Əlövsət Abbasov isə ona xəbərdarlıq edərək bildirib ki, prosesdə qeyri-etik ifadələr işlədilməsi yolverilməzdir: “Gah qara maskalı bandit deyirsiniz, gah heyvanlarla müqayisə edirsiniz. Bu, sizin mövqeyiniz ola bilər. Lakin oradakılar polislər olub”.
Prokuror Nəsib Bayramov da təqsirləndirilən şəxslərin qeyri-etik sözlər işlətməsinin qarşısını almağı məhkəmədən tələb edib.
Daha sonra Abbas Hüseynov şahiddən üzündəki xəsarətlərin nədən yarandığını soruşub. Elçin Tağıyev bildirib ki, Abbas Hüseynovu saxlayan zaman ona avtomatın ucu dəyib və Abbas Hüseynov xəsarət alıb.
Bundan sonra hakim bildirib ki, vəkillərin bəziləri məhkəmədə iştirak etmədikləri üçün iclasa fasilə verilir. Fasilə zamanı çıxış edən Taleh Bağırzadə zalda oturanları “Azadlıq” qəzetinə dəstək olmağa çağırıb: “Hamınızdan xahiş edirəm, o qəzetə abunə yazılın, ya da köşklərdən alıb dəstək olun. Görürsünüz ki, bütün prosesləri tərəf saxlamadan düzgün işıqlandırır. Bu gün həmin qəzetin durumu bərbaddır. Hər kəs “Azadlıq” qəzetinə dəstək olmalıdır. O, qəzet vasitəsi ilə insanlar həqiqətdən xəbərdar olurlar. Mən hər zaman çıxışlarımda demişəm ki, Azərbaycanda dini dövlətin qurulmasının perspektivi yoxdur. Əgər desələr ki, gəl dini dövlət qur, mən onu bacarmaram. Çünki onun üçün bir çox şərtlər lazımdır. Bizim istədiyimiz Azərbaycanda demokratik quruluşun olmasıdır. Türkiyədə, başqa ölkələrdə olduğu kimi xalq seçsin. İstər ateist olsun, istər dindar, ancaq xalq tərəfindən seçilən adam olsun. Sünnəyə və dinə əsaslanaraq deyirəm ki, seçkini saxtalaşdırmaq şərab içməkdən daha böyük günahdır. Seçki azadlığı hicab azadlığından daha vacibdir. Bu gün hər kəs haqq səsini ucaltmalıdır. Hər kəs siyasi fəaliyyətlə məşğul olmalıdır. Bunların ağılları devalvasiya olub. Bunların işi mənlə yox, İslam dini ilədir. Yaxşı məni tutdunuz, bəs Natiq Cəfərlini və başqalarını niyə tutdunuz? Bunların işi xalqladır. Bilirsiniz ki, Məhərrəmlik ayında qan tökmək haram hesab edilir. Allah bizə lütf etdi ki, onlar bizim qanımızı məhz bu ayda tökdülər. Biz zülmə boyun əymədik. Bu gün də haqq səsimizi ucaldırıq”.
Fasilədən sonra isə hakim bildirib ki, vəkillərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onların çoxu məhkəməyə gəlmir: “Mən Vəkillər Kollegiyasına müraciət edəcəyəm ki, bu məsələ həllini tapsın. Vəkillər olmadan prosesi keçirmək olmaz. Hüquqdan danışırıqsa, bu məsələyə də diqqət etmək lazımdır”.
Qeyd edək ki, proses avqustun 26-da davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun