"Hüquq Maarifçiliyi Cəmiyyəti"nin məhkəməsi yenidən başlayır

"Hüquq Maarifçiliyi Cəmiyyəti"nin məhkəməsi yenidən başlayır
25 Sentyabr 2016
Mətni dəyiş
1 saylı Bakı İnzibati-Iqtisadi Məhkəməsi "Hüquq Maarifçiliyi Cəmiyyəti" (HMC) İctimai Birliyinin qanunsuz hesablanmış əlavə vergi məbləğlərinin ləğv edilməsi barədə iddia ərizəsinə baxacaq.
Bu haqda "Turan"a HMC-nin vəkillərindən Elçin Sadıqov məlumat verib.
Vəkil sözügedən iddia üzrə icraatın iki il əvvəl dayandırıldığını yada salıb.
"Biz vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi tələbi ilə iddia qaldırmışdıq. Həmin vaxt HMC-nin rəhbəri İntiqam Əliyevin məhkəməsi davam edirdi. Bu səbəbdən iddia üzrə icraatı dayandırmışdılar. İndi icraatı bərpa ediblər", - deyən vəkil iddianın təmin olunacağına ümidvar olduqlarını deyib.
Sözügedən iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Tahirə Əsədovanın icraatındadır. Məhkəmə prosesi oktyabrın 6-da keçiriləcək.
"Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmiş, rəhbəri olduğu təşkilata külli miqdarda əlavə vergi hesablanmışdı.
İntiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi üçün gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirirdi.
"Amnesty International" beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi o zaman "vicdan məhbusu"elan etmişdi.
2016-cı ilin martında Baş prokuror İntiqam Əliyevin cəzasının ağır olması ilə bağlı protest verdikdən sonra onun həbs müddəti 5 il şərti cəza ilə əvəzləndi və hüquq müdafiəçisi azadlığa buraxıldı.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun