Bu gün Özbəkistan prezidenti İslam Kərimov dəfn edildi. İslam Kərimovu türk dünyasının liderlərindən biri kimi də qələmə verənlər var, 21-ci əsrin ən qəddar diktatorlarından biri kimi də. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər sosial şəbəkədə Milli Məclisin spikeri olduğu zaman MDB-nin tədbirində İslam Kərimovla Azərbaycanla bağlı bir məsələdə mübahisəsindən yazıb. Eks-spikerin xatirəsinin oxucularımızla paylaşırıq.
İslam Kərimov öldü. Bu adamla bir dəfə qarşılaşmışam. 1992-ci il 6 iyulda Moskvada MDB (Müstəqil Dövlətlər Birliyi) sammitində. Azərbaycan o mərhələdə MDB üzvü olmasa da Rusiya prezidenti B.Yeltsin təkidlə xahiş edirdi ki, Ə.Elçibəy bu sammitdə iştirak etsin. Əbülfəz bəy növbəti dəfə imtina etdikdən sonra Yeltsin təklif etdi ki, Azərbaycan dövlət səviyyəsində təmsil edilsin. Diplomatik kanallarla xahiş etdilər ki, ən azı parlament sədri və ya baş nazir sammitdə iştirak etsin. Əbülfəz bəyin təklifi və qərarı ilə mən gedəsi oldum.
MDB sammiti keçirilən otağa daxil olanda dövlət başçılarının demək olar ki, hamısı artıq ordaydılar. Mən də dəyirmi masada Azərbaycana ayrılmış kresloya əyləşdim.
Yeltsin açılş nitqi etdi, iştirakçıları salamladı və gündəliyi təqdim etmək istəyəndə Özbəkistan prezidenti İslam Kərimoiv söz aldı və soruşdu ki, Azərbaycan hansı əsasla burda iştirak edir. Yeltsin ona cavab olaraq dedi ki, Azərbaycan müşahidəçi statusu ilə iştirak edir və yenə gündəliyə keçmək istərkən Kərimov bir daha söz aldı, dedi ki, MDB-nin rəsmi sənədlərində müşahidəçi statusu yoxdur və Azərbaycan buranı tərk etməlidir.
Yeltsinə baxdım, gördüm ki, susur. Söz aldım və dedim ki, Azərbaycanın əvvəlki dövlət başçısı A.Mütəllibov MDB-nin yaranması və ölkəmizin MDB-yə daxil olması barədə sənədlərə imza atıb, amma Azərbaycan parlamentində bu məsələ ratifikasiya edilməyib. Azərbaycanda hakimiyyətə yeni qüvvələr gəlib. Yəqin ki, yaxın zamanlarda biz bunu müzakirə edib, müsbət ya mənfi qərar qəbul edəcəyik və qeyri-müəyyənlıik aradan qalxacaq.
[caption id="attachment_7871" align="alignnone" width="800"]
İslam Kərimov və Boris Yeltsin[/caption]
Ukrayna prezidenti L.Kravçuk və Belorus prezidenti S.Şuşkeviç gərginliyi azaltmaq üçün söhbətə qatıldılar, qısa çıxışlarla mənə dəstək oldular və Azərbaycana zaman tanınmasının məqsədəuyğun saydıqlarını bildirdilər.
Yeltsin bu çıxışlardan məmnun olub gündəliyə keçmək istəyəndə Kərimov yenə əsəbi halda bildirdi ki, nə vaxt Azərbaycan MDB Bəyannaməsini ratifikasiya edərsə o zaman burda təmsil oluna bilər.
Yenə Yeltsinə baxdım, o bu dəfə dilxor halda yenə susurdu. Söz aldm və bildirdim ki, bizi bura dəvət ediblər gəlmişik, bizə dəstək və zaman verən dövlət başçılarına təşəkkür edirəm, amma əgər hamı belə düşünmürsə problem yoxdur və biz parlamentdə MDB sənədlərinin raifikasiyasını müzakirə edərkən bütün bunları da nəzərə alacayıq.
Kreslodan qalxmaq hərəkətinə başladım və o anda Yetlsin nəhayət dedi ki, Azərbaycan nümayəndə heyətini o dəvət edib və Azərbaycanın müşahidəçi statusu ilə iştirakını hələlik mümkün sayır. Bundan sonra Kərimov bir söz demədi.
Bilmirəm, bu yazdıqlarım İ.Kərimovu türk dünyasının liderlərindən biri sayanlara kömək olacaq, yoxsa onu sorğu-suala tutan İnkir-Minkirin işinə yarayacaq. Amma hər halda tarix üçün bunları yazmaq istədim.