Rövnəq Abdullayev: SOCAR-ın sərmayələri Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək

Rövnəq Abdullayev: SOCAR-ın sərmayələri Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək
3 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev SOCAR-ın yatırdığı sərmayələrin gəliri, həyata keçirilən layihələr və digər mövzular barədə müsahibə verib.
Əvvəlcə “Şahdəniz-2” layihəsindən söz açan Rövnəq Abdullayev, bu layihənin Azərbaycan iqtisadiyyatına yeni bir təkan verəcəyini deyib:
"Şahdəniz-2 ən perspektivli layihələrimizdən biridir. 2018-2019-cu illərdən etibarən Cənub Qaz Dəhlizi Azərbaycana on milyardlarla xalis mənfəət gətirəcək. 1,2 trilyon m³ civarında təbii qaz və 2,2 milyard barrel kondensat ehtiyatları olan nəhəng “Şahdəniz” yatağının işlənməsi təbii qazın ixracını artıracaq, habelə qaz və neft emalı sənayesinə təkan verəcək. “Şahdəniz”, Cənub Qaz Dəhlizi, SOCAR Polymer, STAR zavodu və digər nəhəng layihələrimizlə biz bu gün neft və qaz sənayesində yeni bir dövrün astanasındayıq".
Daha sonra SOCAR prezidenti şirkətin Azərbaycan üçün nəzərdə tutulan layihələrindən danışıb:
"SOCAR-ın strateji missiyası təyin ediləndə ökəmizin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, neft-qaz emalı sənayesinin inkişafı kimi məsələlər onun tərkibində mühüm yer almışdır. Buna görə, Azərbaycanda neft və qazın hasilatı, nəqli və neft-qaz emalı sənayesinin inkişaf etdirilməsi strateji inkişaf planımızda əzəldən əsas yer tutur.
Biz hazırda bir növ keçid mərhələsindəyik və neft-qaz sənayesində yeni dövrün astanasındayıq. Yeni layihələr gəlirlərimizin sabit artım təmayülünə təkan verəcək. Belə ki, son 7 ildə faiz, vergi və amortizasiyadan əvvəl hesablanan illik gəlirimiz (EBİTDA) 2 dəfə artmışdır. Hazırda cari gəlirlərimizi investisiya layihələrimizə yönəldirik. Bu layihələr tamamlanandan sonra Azərbaycana milyardlarla əlavə sabit gəlir gətirəcəyi nəzərdə tutulur".
Müsahibənin sonunda Rövnəq Abdullayev bildirib ki, cari gəlirlər bütün bu nəhəng layihələri maliyyələşdirməyə imkan verir:
"SOCAR-ın cəmi kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artmışdır. Bunu da nəzərə almaq lazımdır ki, böyük layihələrdə SOCAR tək deyil - tərəfdaş şirkətlər layihələrin maliyyələşməsində mühüm rol oynayırlar.
Son illərdə maliyyə bazarlarında əldə etdiyimiz nailiyyətlər bizə uzunmüddətli və münasib şərtlərlə kənardan maliyyə vəsaitlərini cəlb etməyə imkan verir. Bunun nəticəsində SOCAR çoxsaylı investisiya layihələrini həyata keçirməklə yanaşı, həm də Azərbaycan dövləti qarşısında olan maliyyə öhdəliklərini yerinə yetirə bilir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun