Azərbaycanda terror aktları planlaşdıran silahlı dəstə zərərsizləşdirilib

Azərbaycanda terror aktları planlaşdıran silahlı dəstə zərərsizləşdirilib
28 Oktyabr 2016
Mətni dəyiş
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi oktyabrın 27-də məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Azərbaycanda terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran silahlı dəstə yaradıldığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat daxil olub.
DTX bildirir ki, məlumatda həmin silahlı dəstənin ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrə tabe olduqları qeyd edilib.
Açıqlamada həmin dəstəyə Azərbaycan vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərlərinin daxil olduğu bildirilir.
İddiaya görə, onlar ölkə hüdudlarından internet vasitəsi ilə göndərilən gizli tapşırıqlar əsasında terrorçu təşkilatın Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması və rəhbərinin seçilməsi barədə sövdələşmələr aparıblar.
“Qanunsuz olaraq odlu silah, partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görülüb. Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıblar. Əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görülüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edilib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçiriblər. İctimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparmışlar” - deyə məlumatda qeyd edilir..
Açıqlamada qeyd edilir ki, A.Quliyev, F.Rüstəmov, A.Gülməmmədovun saxlanılması üzrə oktyabrın 26-sı və 27-də respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilib.
“Bu zaman saxlanmasına müqavimət göstərərək ictimai yerdə «F-1» tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə «Steçkin» markalı tapançadan xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açan F.Rüstəmov məhv edilib. A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub”.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 214.2.1, 214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlayıb. Həmin maddələrdə söhbət terrorçuluqdan, qanunsuz olaraq odlu silah əldə etmədən, mütəşəkkil dəstə yaratmaqdan, quldurluqdan və başqa ağır ittihamlardan söhbət gedir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun