Azərbaycanlı fəal həbsxanada bir neçə xəstəlikdən əziyyət çəkir

Azərbaycanlı fəal həbsxanada bir neçə xəstəlikdən əziyyət çəkir
31 Oktyabr 2016
Mətni dəyiş
İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə 5 aydan çoxdur Təbrizin mərkəzi zindanında saxlanılan dinc fəal, şair Həbib Sasaniyanın (Yakamoz) durumu naməlum olaraq qalır.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, tutulmasından əvvəl heç bir fiziki problemi olmayan Həbib Sasaniyan, həbsdə saxlanıldığı müddətdə müxtəlif fiziki və psixi təzyiq və işgəncələrə məruz qoyulduğuna görə bir neçə xəstəlikdən əziyyət çəkir. Fəalın səhhətinin getdikcə pisləşməsi onun ailə üzvlərinin ciddi narahatlığına səbəb olub.
Həbib Sasaniyan, bu ilin may ayında (1395-ci il, ordibeheştin 26-da) Ərdəbildə daha 5 azərbaycanlı fəal, Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi ilə birlikdə ETTELAAT əməkdaşları tərəfindən tutulub. O, iyunun 8-də ailəsinə zəng vuraraq Təbrizin ETTELAAT idarəsində saxlanılmasından xəbər versə də, az sonra həbs edilən digər fəallarla birlikdə Təbrizin mərkəzi zindanına köçürülüb.
Bildirilir ki, Həbib Sasaniyanın durumu naməlum qaldığı bir vaxtda tutulan digər beş fəaldan ikisi, İsmayıl Əfxəmi və Yunis Rəhimi, məhkəmələrinin keçirilməsinə qədər mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Fəal Həbib Sasaniyan milli zəmində, o cümlədən də Qarabağ savaşının mahiyyəti və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqda əhali arasında maarifləndirmə fəaliyyəti apardığına görə, bundan əvvəl də bir neçə dəfə tutulub.
Həbib Sasaniyanı yaxından tanıyan yazar Əqil Azərdoxt bu yaxınlarda Amerikanın Səsinə müsahibədə Sasaniyanın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və türk dilində şeirlər və məqalələr yazdığını qeyd edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun