Binəqədi yanğın işi: 50 min pulu paketə qoyub, MTN əməkdaşlarına verdim

Binəqədi yanğın işi: 50 min pulu paketə qoyub, MTN əməkdaşlarına verdim
28 Oktyabr 2016
Mətni dəyiş
"Miryusif müəllim daxili telefonla otağa zəng eləyib soruşdu ki, "kassada nə qədər pul var?". Dedim ki, "50 min". Dedi ki, "bir paketə qoy, gətir". Mən də aparıb kabinetində ona verdim. Həmin vaxt kabinetdə iki nəfər tanımadığım adam vardı. Bir gün sonra eşitdim ki, onlar MTN əməkdaşlarıymış və pul üçün gəliblərmiş".
Bu sözləri keçən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmədə dindirilən Vüsal Tağıyev deyib. O, həmin binanı üzləmiş "Global Construction" və poliuretan üzlükləri buraxmış "Global Stone" şirkətlərinin mühasibi olub. Vüsal Tağıyev oktyabrın 27-də bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid kimi dindirilib. Onun ifadəsində adını çəkdiyi Miryusif Mahmudov bu şirkətlərin təsisçisi olub və indi təqsirləndirilən səkkiz nəfərdən biridir.
"Miryusifin qanı qara idi, soruşdum ki, nə olub? Dedi ki, "MTH-dən sıxırlar bizi, pul istəyirlər"
Vüsal Tağıyevin dediyinə görə, MTN əməkdaşlarının onların ofisinə gəlib Miryusif Mahmudovdan pul alması yanğından təxminən bir həftə əvvəl olub: "50 mini verəndən bir qədər sonra Miryusif müəllimdən soruşdum ki, "o xərci necə qeyd eləyim?". Dedi ki, "MTN-paltar" yaz".
Başqa bir şahid - Miryusif Mahmudovun bibisi oğlu Şahin Kərimov da hadisədən bir müddət əvvəl MTN əməkdaşlarının onlardan pul tələb elədiyini deyir: "Miryusifin qanı qara idi, soruşdum ki, nə olub? Dedi ki, "MTH-dən sıxırlar bizi, pul istəyirlər". Amma onlara nə qədər verdiyini bilmirəm".
Şahin Kərimov, eləcə də "Global Construction" şirkətinin baş direktoru olmuş İlqar Vəliyev ifadələrində binada yanğın başlayandan dərhal sonra MTH əməkdaşlarının şirkətin ofisinə hücum edib, sənədləri, hətta təhlükəsizlik kameralarının yaddaş kartını da apardığını bildiriblər.
İlqar Vəliyev yanan binaya vurduqları üzlüklərin keyfiyyətsiz olması barədə iddialarla razılaşmır: "Mən o materialların keyfiyyətinə o vaxt da əmin idim, indi də. Bizim şirkətdə bütün işlər dünya səviyyəsində qurulmuşdu".
İlqar Vəliyevin sözlərinə görə, Azadlıq prospektindəki binaların, o cümlədən yanan binanın üzlənməsi üçün şirkətlə Binəqədi Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanıb. İşlər 2012-2013-cü illərdə görülüb təhvil verilsə də, bu günədək İcra Hakimiyyəti onun pulunu ödəməyib.
O, təmir-tikinti işləri başa çatandan sonra binaları üç ayrı komissiyanın təhvil aldığını deyir. Onların arasında Fövqəladə Hallar nazirliyinin komissiyası da olub: "Heç bir komissiya bizə gördüyümüz işə, istifadə etdiyimiz materiala görə irad bildirməyib".
Bugünkü məhkəmə iclasında məlum olub ki, "Global Construction" və "Global Stone" şirkətlərinin Miryusif Mahmudovla yanaşı, daha bir həmtəsisçisi olub - Hüseynbala Əlizadə. Ancaq o, Binəqədi yanğınından təxminən iki həftə öncə şirkətlərin təsisçiliyindən imtina edib.
Məhkəmə oktyabrın 31-də davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun