F.Manafov: “Rejissor və prodüserlər istəsələr bu suala cavab verəcəklər”

F.Manafov: “Rejissor və prodüserlər istəsələr bu suala cavab verəcəklər”
15 Oktyabr 2016
Mətni dəyiş
“Xahiş edirəm, mənimlə bu cür mövzuları danışmayın”
Oktyabrın 6-da 20 milyon dollar büdcəsi ilə Azərbaycanın ən bahalı filmi olan “Əli və Nino” filmi ölkə kinoteatrlarında nümayiş olunmağa başlandı. Film ictimaiyyət tərəfindən maraqla qarşılandı, amma bir çox suallar da ortaya çıxdı. 
Bu suallardan biri də tanınmış aktyor Fəxrəddin Manafovla bağlıdır. Belə ki, aktyorlar siyahısında Fəxrəddin Manafovun adı olsa da, izləyicilər filmdə aktyoru görə bilməyiblər. Fəxrəddin Manafov Hacı Zeynalabdin Tağıyevi canlandırmalı idi. Aktyorun adı hələ də filmin kast heyətində qalır.
Abzas.net olaraq bu məsələ ilə bağlı Fəxrəddin Manafovun münasibətini öyrəndik. Aktyorun qısa müsahibəsini təqdim edirik:
– Fəxrəddin bəy, bildiyiniz kimi, keçən həftə “Əli və Nino” filminin premyerası keçirildi…
– (sualı yarımçıq kəsərək) Başa düşdüm nəyi soruşmaq istəyirsiniz. Fəxrəddin Manafovun adı aktyorlar siyahısında var, amma özü filmdə yoxdur. Mən bu suala cavab verməyəcəm, istəsələr prodüser və rejissorlar bu suala cavab verəcəklər.
Elə çəkiliş zamanı prodüserlərlə aranızda yaranmış problemə görə filmdən çıxarıldığınız deyilir.
Bu qətiyyən düzgün deyil və əsassız məlumatdır. Filmin prodüserləri aktyor heyəti üçün hər cür şəraiti yaratmışdılar. Bizə qarşı çox gözəl münasibət var idi, istəklərimizi yerinə yetirirdilər, xüsusi otaqlar verirdilər, avtomobillə təmin edirdilər. Heç elə bir münasibət olmayıb ki, mənfi nəsə olsun.
Bəs filmdə əsas rolları xarici aktyorların ifa etməsinə münasibətiniz necədir?
Bilirsiniz, bu məhəllə söhbətinə oxşayır.  Bizim aktyorların gözəl xüsusiyyətləri, bacarıqları var. Buna düzgün yanaşın, bu film dünya ictimaiyyətinə tanıtmaq lazımdır. Biz bilirik ki, Azərbaycan çox inkişaf etmiş, gözəl dövlətlərdən biridir. Məni niyə bu söhbətlərə qatırsınız? Ona qalsa futbol komandalarına da xarici futbolçular, məşqçilər gətirilir, bitirin bu söhbətləri. Bu düzgün deyil, bizim aktyor, ya onların aktyoru. Bizimkilərlər xaricilərin  arasındakı fərq ondadır ki, bizim aktyorlar məhdud bir yerdə tanınırlar, Azərbaycandan qırağa çıxa bilmirlər. Nəyə görə çıxa bilmirlər bunlar çox başqa mövzulardı. Xahiş edirəm, mənimlə bu cür mövzuları danışmayın.
Qeyd edək ki, filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Thykier, rejissoru Asif Kapadia, ssenari müəllifi Christopher Hampton-dur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun