MONSTRAK – Mövlud Mövlud (hekayə)

MONSTRAK – Mövlud Mövlud (hekayə)
6 Oktyabr 2016
Mətni dəyiş
 Mövlud Mövlud
 
– 250 manat...
– Lazım deyil, kül onların başına!
Birinci mesajı ata yazmışdı, ikincini ana.
Qaqaş evə Şaxta Baba xəbəri ilə gələndə ər-arvad fərqinə vardılar ki, ilin təzələnməyinə 10 gün qalıb. Ata işdən çıxandan onların evində bayram keçirəsi ovqat qalmamışdı. Di gəl, belə şeylər Qaqaşın vecinə deyildi. O, Şaxta Babadan istəyəcəyi hədiyyəni artıq tapmışdı: Monstrak!
Həyətdə uşaqlar demişdilər, hər il istədikləri hədiyyəni Şaxta Babaya yazırlar, ataları poçtla göndərir, Şaxta Baba da təzə il axşamı hamı yatanda gəlir, hədiyyəni yolkanın altına qoyub, sakitcə qayıdır. Bəs nə? Gör dünyada nə qədər uşaq var, Şaxta Babanın vaxtımı var onların oyanmağını gözləsin.
Ər-arvad əvvəl bir-birlərinin üzünə baxdılar, handan-hana ata dilləndi:
– Balam, o nədi elə?
– Parkda sürülən maşın dana! Uğurun da var, Coşqunun da var. Nəzrin dedi yekə maşının olsa, sənnən gəzərik!..
Ata-anasıyla parka gələn uşaqlar monstrakı beş dəqiqəsi bir manata sürürdülər. Gözləri doymamış, vaxt tamam olurdu. Qaqaş işi biryolluq eləmək istəyirdi: Şaxta Babası ona monstrak gətirir, o da istədiyi qədər sürür!..
Səhər ata evdən çıxanda danışdılar ki, mağazaların birinə baxsın, monstrakın qiymətini öyrənib, arvadına yazsın. Onlar da məsləhət eləsinlər.
İki ay əvvəl olsaydı, maaşının yarısını verərdi, deyərdi beş ildən sonra tapdığım uşaqdı. Həmişə belə eləmişdi, oğluna bahalı nəsə alanda deyinən anasına, qayınanasına demişdi dünya balama qurban olsun. Onu tapmaq üçün gəzmədiyimiz yer qalmadı, getmədiyimiz pir, qapısını döymədiyimiz həkim olmadı.
Amma indi...
Neçə vaxt idi, hamının dilində bircə söz vardı: İxtisar!
İş yerləri qorxu filmləri kimiydi: Hər gün bir adam yoxa çıxırdı, ixtisar hər gün birini aparırdı. Üçünün işini birinə yükləyirdilər. İşin çoxluğundan təntiyib, həmişə getdikləri ucuz yeməkxananın yolunu unutmuşdular, evdən gətirdikləri xörəyi kompüterin dalında yeyib, əllərini ağız-burunlarına silirdilər.
Bir gün müdir onu çağırdı, balabanda qandırdı ki, vəziyyət yaxşı deyil, adamlara maaş verə bilmirlər, məcburdurlar beş-on adamı ixtisara salsınlar. O da ixtisara düşənlərin içindədir. Gərək həvəsdən düşməsin, onun kimi kadrlara həmişə ehtiyac olub, həmişə də olacaq, indi müvəqqəti çətinlikdi, vəziyyət düzələn kimi yenə çağıracaqlar.
Elə o gündən iş soraqlamağa başladı, köhnə dostlara, yeni tanışlara zəng elədi. Kimi dindirdi, dad elədi, bir-birinin ağzına tüpürmüş kimi hamısı eyni havanı çaldı. Dedilər bizdə də ixtisar gedir, özümüzünkülərin maaşını güclə veririk, bir şey olsa, xəbər eləyərik.
İxtisara düşəndən bəri qapının zəngini ürəklə basa bilmirdi. Uşağını dindirməyə həvəsi olmurdu, çətin yaşayışın əlində əsir-yesir qalsa da, kasıbyana təravətini saxlayan arvadının üstünə uzanmağa da üzü gəlmirdi. Vaxtilə ətrini içinə çəkəndə bihuş olduğu bu qadının əlləri qıllı sinəsində gəzəndə götürüb qırağa qoyurdu, dalını çevirib özünü yatmışlığa qoyurdu ki, rahat fikrini eləyə bilsin.
Evdə günortaya qədər dözə bilirdi. Arvadının hər işinə deyinirdi: o qabı niyə ora qoymuşdu, əti buzlamadan niyə vaxtında çıxarmamışdı, Qaqaş niyə həyətdə bu qədər oynayırdı?
Tıncıxırdı, başını götürüb qaçırdı. Çayxanadan hava qaralanda qayıdırdı.
Hərdən öz-özünü danlayırdı, deyirdi yazıq heç işdən çıxdığımı hiss elətdirmir, durumlu-dözümlü dayanır, Allah verəndən bir şey tapıb bişirir, məndən gizlin anasıgillərdən  evə kartof-soğan, mer-meyvə, daşıyır, bundan artıq neyləsin, qaşqabaq eləyib fağırın gününü niyə qara eləyirəm?
Amma bu danlaq axır vaxtlar dadandığı çayxananın his iyi verən divarları arasında da qalırdı. Elə ki qaldıqları həyətə yaxınlaşdı, boş əllərinə baxırdı, qudumu qırılırdı, evə getmək, arvadının, balasının üzünə çıxmaq istəmirdi.
İndi də monstrakın qiyməti bir dərd oldu.
Qadın qapını açan kimi ərinin üzünə gülümsədi. Bu, bayaqkı mesajlaşmanın davamı idi. Onlar artıq çoxdan bir təbəssümlə, bir gülüşlə, sərt baxışla, ah çəkməklə danışmağı öyrənmişdilər:
– Kül onların başına! İki gün sürəcək, sonra yadından çıxacaq, heç üzünə də baxmayacaq. Bilirik də, uşağımızı. Balaca bir maşın alaram 10-15 manata... Alarıq...
Arvadı alaram sözünün deyəndən sonra ərinin qəlbinə dəyməkdən qorxub, sözünü dəyişdi.
Bayaqdan əlində dəftər-qələm atasını gözləyən Qaqaş dədəsinin dizinin dibini kəsdirmişdi, deyirdi məktubu qırmızı qələmlə yazaq, Şaxta Babanın paltarı da qırmızıdır.
– Özün niyə yazmırsan? – Mətbəxdən anasının səsi gəldi. – Atan yazsa, Şaxta Baba biləcək.
Qaqaş boynunun dalını qaşıdı, anasının sözləri ağlına batmışdı.
Atası oğlunun əyri-üyrü hərflərlə yazılmış məktubunu oxuduqca gülümsəyirdi:
“Salam Şaxta Baba.  Mən Qaqaşam. Öz adım Nicatdı, amma papamgil mənə Qaqaş deyir. Mən gələn il məytəvə gedəcəm. Mənə bayramda monstrak (bu sözü yazanda atasından kömək istəyib, hərf-hərf köçürmüşdü) gətirərsən yaxşımı? Uğurun da yekə maşını var, Coşqunun da var. Nəzrin dedi yekə maşının olsa, sənnən gəzəriy. Sağ ol. Gətirəndə yolkanın altına qoyarsan. Sağ ol”.
Məktubu qatlayıb cibinə qoydu ki, sabah “poçtla Şaxta Babaya göndərsin”.
Arvadı mətbəxdən gəlib yanında oturdu:
– Papam zəng eləmişdi, deyir bayrama bizə gəlin, bir yerdə keçirək. Qaqaşı da görərik.
Ayrı vaxt olsaydı, burda başqa məna axtarardımı? Başqa yerə yozardımı, azmı olmuşdu, evə çataçatda qayınatası zəng eləmişdi, uşaqları da götür bizə gəlin, həyətdə kabab çəkirəm demişdi. Burda nə varıydı, niyə narahat olurdu, niyə utanıb-sıxılırdı?
Əlinin qalın vaxtı olsaydı, gedərdi, hələ bir yaxşı da bazarlıq eləyərdi. Şən-şaqraq, bu dünyanın dərdini-qəmini vecinə almayan, içdikcə pörtüb-qızaran qayınatasıyla  əlli-əlli vurardı da. Amma indi getmək istəmirdi, ayağı getmirdi.
Özünə söz verdi ki, arvadı nə qədər yalvar-yaxar eləsə də, ürəyi yumşalmasın, bayramı özləri keçirsinlər. Allah verəndən bişirib, otursunlar evlərində.
Bir-iki gün əvvəldən üzünə üz tutub borca getdiyi dostlardan aldığı pulla bazarlıq eləmişdi deyə, bayram axşamı ürəyi rahat oldu. Vurmaq havasında olmasa da, arvadın sözünü çevirmədi çaxır, şampan aldı.
Axşam evə gələn kimi Qaqaş qucağına atıldı:
– Papa, bu gün gec yatacam elə?
– Hə, ata qurban, gec yatacaqsan...
– İstədiyim qədər gec yatacam?
– Hə, atan qurban, istədiyin qədər gec yatacaqsan... – Oğlunun boynundan öpdü.
Arvadı mətbəxə çağırıb, uşağa aldığı maşını gülə-gülə ona göstərdi, inşallah, papası gələn il işləyəcək, balama beş bunu boyda maşın alacaq dedi. Sonra ərini tələsdirdi:
– Di gəl, gəl çörək yeyək, səhərdən ayaq üstəyəm.
Kişi arvadından əl boyda kağız, bir də qələm istədi. Arvadının ürəyindən nəsə soruşmaq keçdi, amma ərinin gülən gözlərinə baxıb, heç nə demədi. Onca dəqiqə keçməmiş Şaxta Babanın Qaqaşa yazdığı məktub hazır oldu:
“Əziz balam, Qaqaş, məktubunu aldım. Monstrak istədiyini bilirəm. Gözəl balam, sən gələn il birinci sinfə gedəcəksən, monstrak alsam, dərslərə vaxtın  qalmaz. Onda hərflər səndən küsər, kitab oxuya bilməzsən. Ədədlər səndən qaçar, oyuncaqlarını saya bilməzsən, ağacların, quşların, günəşin, dənizin dilini öyrənə bilməzsən.
Mənim balam, əgər sən bu il ata-ananın sözünə qulaq assan, soyuq su içməsən, söyüş söyən uşaqlara qoşulmasan, vaxtında yatsan, dişlərini hər gün fırçalasan, birinci sinifdə yaxşı qiymətlər alsan, gələn il sənə yekə kişilərin sürdüyü maşın boyda monstrak gətirəcəm.
Gözlərindən öpürəm.
Sənin Şaxta Baban”.
Arvadı kağızı ərindən alıb oxudu, nəmlənib toranlaşan gözlərini ondan qaçırdı.
Başları mətbəxdə söhbətə, biş-düşə elə qarışmışdı ki, uşaq yadlarından çıxmışdı. Qonaq otağına qayıdanda Qaqaşın oynayıb yorulduğunu, elə xalçanın üstündəcə yuxuya getdiyini görüb öz balacalığını xatırladı. Uşaq vaxtı atası onları qatarla kəndə aparanda ürəyi köksünə sığmırdı, dünya onun olurdu. Nənə-babasını, bibisini görməkdən, uşaqlarla futbol oynamaqdan, göldə çimməkdən ötrü ürəyi atlanırdı. Kupeyə girəndə özünə söz verirdi: səhərə kimi yatmayacaq, yerinə uzanıb pəncərədən şəhərlərə, rayonlara, kəndlərə baxacaq – düz baba evlərinə çatana kimi!
Bir də onda gözünü açırdı ki, hava işıqlanıb, bələdçi qadın qapıları taqqıldadır.
Yəqin o da nə vaxtsa atasından nəsə istəyib, atası ala bilməyəndə pisikib. İndi onun alnının tərlədiyi kimi atasının da alnı tərləyib, boğazı quruyub.
– Gəl yeməkləri aparaq! – Arvadı çağırmasaydı, fikirdən ayıla bilməyəcəkdi.
Paytaxt salatıydı, dolmaydı, bir də aş. Yedilər, o istəməsə də, arvadının təkidiylə adama bir-iki qədəh çaxır içdilər.
Televizordan bir deputatın səsi gəlirdi, çəkilən yollardan, salınan körpülərdən danışırdı, sonra bir müğənni oxudu, hər gələn ilin ölkəsinə gətirdiyi xoş günləri vəsf elədi.
İndiyə kimi bu çıxışlar ona belə təsir eləmirdi, uzaqbaşı gülüb keçirdi, əsəbiləşmirdi, dodağının altında söyüş söymürdü.
Gecə on ikini vuranda həyətə düşdülər, şampan partlatdılar, qonşularla bayramlaşdılar. Arvadının dediklərinin hamısını eləyirdi – səssiz-sakit.
Gecə ikinin yarısına yaxın ağzını çuval kimi açıb əsnədi:
– Mən yatmağa gedirəm.
Üstündən yük götürülmüş kimi oldu, yüngülləşdi. Yuxusunun gəlməyinə sevindi. Elə bil, borcdan çıxmışdı.
– Get, mən də qabları yuyum, gəlirəm...
Səhər açılanda pəncərələrin qarla örtüldüyünü gördülər. Qaqaşın səsi evi başına götürmüşdü. Dil boğaza qoymurdu. İstəyirdi anası onu tez geyindirsin. Əlcəkli əllərində tutduğu məktubu həyətdəki uşaqlara göstərməyə tələsirdi.
İndiyə kimi uşaqlar məktub yazıb Şaxta Babadan hədiyyə istəmişdilər, o da gətirmişdi – vəssalam. Qaqaş Şaxta Babanın dindirdiyi, məktub yazdığı birinci uşaq idi. O, əynini geyib, məktub əlində həyətə qaçanda anasının nigaran səsini eşitmədi: “Anan qurban, yer sürüşkəndi, yavaş ol, yıxılarsan...”
Uşaq maşını götürməyi unutmuşdu. İndi onun başqa hədiyyəsi vardı.
– Heç monstrak alsaq, belə sevinməzdi, – dedi qadını, ərinin yanına uzanıb, özünə yer eləmək üçün pişikləndi: “Ufff, üşüdümmm”.
Kişi gülümsədi, bütün bədəninə çoxdandır yadırğadığı ilıqlıq gəldi. Arvadını qucaqlayıb, buxağının ətrini içinə çəkdi...
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun