"Nardaran işi" üzrə şahidlər polisə aparılıb

"Nardaran işi" üzrə şahidlər polisə aparılıb
27 Oktyabr 2016
Mətni dəyiş
"Nardaran işi" üzrə dünən baş tutan məhkəmə iclasında dindirilən iki nəfər - Valeh Abbasov və Samir Babayev də daxil olmaqla, bu işdə şahid olan daha 10 nəfər Nardaran və Maştağa sakini Sabunçu rayon Polis İdarəsinə aparılıb.
Adları qeyd edilən iki şahiddən başqa, digər 10 nəfər bir qədər sonra buraxılıb. Bu barədə "Nardaran işi" üzrə təqsirləndirilən bir neçə nəfərin, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat verib.
Oktyabrın 26-da Valeh Abbasov və Samir Babayev məhkəmədə dindirilərkən istintaqdakı ifadələrini təsdiq etmədilər. Abbasov bildirdi ki, o, latın qrafikası ilə yazıb-oxumağı bacarmır. İfadədə müstəntiqin nə yazdığını bilmədən onu imzalayıb.
Samir Babayev "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun həbsdən buraxılması tələbi ilə ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında keçirilən aksiya və ondan sonra saxlanılanlarla bağlı danışarkən, özünün və bir sıra başqa şəxslərin idarədə işgəncələrə məruz qaldığını, hətta saxlanılanlardan birinin cinsiyyət orqanına cərəyan verildiyini bildirdi. Həmçinin qeyd etdi ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İslam Ağabəyov dindirib. "Nardaran işi" üzrə təqsirləndirilən şəxslər onlara BMCMİ-də ən çox işgəncə verən şəxslərdən biri kimi, Ağabəyovun adını çəkirlər.
"Bugünkü məhkəmədə məlum oldu ki, Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları mülki geyimdə zaldadırlar. Həm təqsirləndirilən şəxslər onları tanıdı, həm də biz vəkillərin etirazından sonra onlar zaldan çıxarıldı. Hesab edirik ki, onlar dindirilən şahidlərin nə ifadə verəcəyini bilmək üçün məhkəməyə göndərilmişdilər. Dindirilən şəxslərin dərhal sonra idarəyə aparılıb saxlanılması şahidlərə təzyiq məqsədi daşıyır. Eyni zamanda bu işin qurama, saxta olduğuna dəlalət edir", – Yalçın İmanov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun