Satirik şair: "İstintaqda butulka ilə hədələdilər"

Satirik şair: "İstintaqda butulka ilə hədələdilər"
27 Oktyabr 2016
Mətni dəyiş
Bu gün Şirvan Apellyasiya Məhkəməsində həbsdəki satirik şair Tofiq Həsənlinin şikayəti üzrə iclas başlayıb.
Şikayətə hakim Ələsgər Novruzovun sədrlik etdiyi məhkəmə heyəti baxır.
İclas zamanı şairin çıxışı dinlənilib, onun vəkillərinin verdiyi vəsatətlərə baxılıb. Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, Tofiq Həsənli məhkəmədəki çıxışında ona qarşı irəli sürülmüş və birinci məhkəmə instansiyasının təsdiqlədiyi ittihamların qurama olduğunu deyib. O, həbs olunarkən işgəncəyə, hədə-qorxuya məruz qaldığını bildirib.
"İlk məhkəmədə mənim heç bir vəsatətim təmin olunmadı. Guya mağazadan narkotik tapmışdılar, ancaq axtarış zamanı şahid dəvət olunmasına imkan verməmişdilər. Məhkəmədə də şahidlərimin heç birini dindirmədilər. Özlərinə sərf edənləri dindirib ittihamı təsdiqlədilər, mənə iş kəsdilər", - satirik şair deyib.
O, şerlərinə görə şərləndiyini bildirib. "Məni həbs edəndə də narkotik ittihamının qurama olduğu bilinirdi. Elə həbs edəndə də yazdığım şeirlərə iradlarını bildirirdilər. Açıq şəkildə deyirdilər ki, narkotik ittihamını təsdiqləməliyəm, yoxsa mənim üçün çox pis olacaq...", - deyən T.Həsənli əlavə edib ki, istintaqda onu butulka ilə hədələyiblər.
Vəkilin verdiyi məlumata görə, Tofiq Həsənli deyib ki, məcburiyyət qarşısında ittihamı qəbul edib: "Mən ittihamı üzərimə götürməyə etiraz edirdim, "ittihamı üzərimə götürməyəcəyəm" deyirdim. Məni o vaxt butulka ilə hədələdilər. Əxlaqsız hərəkətlər edəcəklərini dedilər. Bu hədələr real idi, nəticədə ittihamı təsdiqləməyə razılaşmaqdan qeyri çarəm qalmadı...".
T.Həsənli məhkəmədən işə ədalətli baxılmasını xahiş edib.
Məhkəmə qismən istintaqın aparılması haqqında qərar verib.
Satirik şairin vəkilinin vəsatəti də qismən təmin olunub. Vəkil Elçin Sadıqov hal şahidlərinin, eləcə də satirik şairin saxlanılmasında iştirak etmiş əməliyyatçıların dindirilməsi barədə vəsatətlər vermişdi.
Növbəti məhkəmədə hal şahidləri dindiriləcək.
Əməliyyatçıların dindirilməsi barədə vəsatət isə təmin edilməyib. Məhkəmə heyəti prosesin gedişində zərurət yaranarsa, əməliyyatçıların da dindirməyə dəvət oluna biləcəyini elan edib.
Tofiq Həsənlinin istintaqını Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. Satirik şair istintaqda butulka ilə hədələndiyini bundan əvvəl də bildirmişdi. Ancaq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu deyilənlərə, hələlik, münasibət bildirməyib. Bununla bağlı quruma edilən müraciətlər də, hələlik, bir nəticə verməyib. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları istintaqda təqsirləndirilən şəxslərə zor tətbiq edilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edirlər.
Satirik şairin məhkəmə prosesi noyabrın 17-də davam etdiriləcək.
Tofiq Həsənli ötən il oktyabrın 13-də yoxa çıxmışdı. Yaxınları iki gündən sonra xəbər tutmuşdular ki, T.Həsənli saxlanıb.
Tofiq Həsənlinin işlədiyi ticarət obyektində ona məxsus külli miqdarda narkotik aşkar olunduğu deyilirdi. Şair Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satma - küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirdi. Satirik şairin ailə üzvlərinin bildirməsinə görə, maddi problemlər üzündən uzun müddət ona vəkil tuta bilməyiblər. Onlar şairin tənqidi şerlərinə görə şərləndiyini düşünürlər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu il avqustun 22-də onu 6 il həbs cəzasına məhkum edib.
O, tutulmazdan öncə xaricdən yayılan «Azərbaycan saatı» proqramında tənqidi şerlər oxuyardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun