10 Noyabr 2016
Mətni dəyiş
Rafət Mustafayev: “Əsl günahkarı məsuliyyətdən kənarda saxlanılıb, üstəlik, övladıma işgəncə verilir”
“Oğlumun həyatı bu dəqiqə ciddi təhlükə altındadır. Mən bir ata olaraq, heç bir addım ata bilmirəm. Oğluma saxlanıldığı təcridxanada fiziki, mənəvi və psixi işgəncələr verilir”.
Övladının həyatına görə həyəcan təbili çalan Rafət Mustafayevin oğlu Aqşin iki aydır ki, həbsdədir. Yetkinlik yaşına çatmamış Aqşin Mustafayev qətldə ittiham olunur. Amma atası prezidentə məktubunda bu hadisə ilə bağlı xeyli ilginc məqamları açıqlayır.
Vəkili ilə görüşməyinə imkan verilmir
Deyir ki, Qazax Rayon Prokurorluğu, o cümlədən cinayət işinin istintaqını aparan müstəntiq gerçək günahkarı ört-basdır edib, onun oğlunu qurban verir. Elə bu məqsədlə də Aqşini həbs eləməkləri azmış kimi, üstəlik, ona işgəncə verirlər, qanunla təminat verilən bir çox hüquqlarından məhrum ediblər. Məsələn, yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxsin vəkili ilə konfidensial görüşünə bu günə qədər imkan verilmir.
“Noyabrın 5-də oğlumla bağlı keçirilən istintaq hərəkətlərində qanuni nümayəndə kimi iştirak edərkən Aqşinin sol qolunda dirsəkdən aşağıda beş yerdən kəsildiyini gördüm. Bu kəsiklər, həm ona verilən işgəncələrin nəticəsidir. Eyni zamanda, özünün də psixi durumu həddindən artıq ağırdır. Onun psixi vəziyyətinin kəskinləşməsinin əsas səbəbi əsl günahkarın məsuliyyətdən kənarda saxlanılmasıdır. Bu fakt ona çox pis təsir edir.
Oğlum saxlandığı 2 saylı istintaq təcridxanasında nəzarətçilər tərəfindən dəfələrlə döyülüb. Bununla əlaqədar mən də dəfələrlə müvafiq orqanlara müraciət etmişəm, amma heç bir nəticəsi olmayıb”, – deyə ata dövlət başçısına məktubunda yazır.
Dövlət orqanları özbaşınalıqlara göz yumur
İstintaq təcridxanasında qollarını kəsən Aqşinin hələ 2014-cü ildən psixi xəstəliyi ilə əlaqədar müalicə aldığını deyən Rafət Mustafayev məktubunda baş vermiş cinayətdən də bəhs edir:
“Qazax rayonunda özünə banda yaratmış şəxs (ata məktubda adını da qeyd edib) oğlumun xəstəliyindən istifadə edərək, onu komandasına daxil edərək, cinayətin iştirakçısına çevirib. Həmin şəxs bu il sentyabrın 23-də əvvəllər də ədavətdə olduğu Taleh Abdullayevi öldürtdürmək məqsədilə oğluma çayxanadan oğurladığı bıçağı verib və özü də onunla birlikdə o adamı qətlə yetirib. Bıçaq oğlumda olsa da, mərhumu bıçağın üstünə həmin şəxs itələyib. Lakin Qazax rayon Prokurorluğu həmin adam barəsində heç bir tədbir görmür. Baxmayaraq ki, onun barəsində bir neçə nəfər də polis orqanlarına və prokurorluğa şikayət edib, amma o şikayətlərə də baxılmır”.
Dövlət başçısına ünvanladığı məktubun surətini Baş prokuror Zakir Qaralov, Ədliyyə naziri Fikrət Məmmədov, Ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova da göndərən Rafət Mustafayev bu orqanlara əvvəl də rəsmi şəkildə müraciət etdiyini, lakin şikayətlərinə baxılmadığını vurğulayır.