"Bizə dedilər ki, dövlət əleyhinə şüarlar yazdıqları üçün tutublar"
8 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 5-də Gəncədə saxlanılan gənc fəallardan birinin ailəsi onun üzərində işgəncə izi olduğunu bildirir. Bu haqda AzadlıqRadiosu-na NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli deyib:
“Bir az gec də olsa, Elmir Təhminin ailəsi ilə əlaqə saxlaya bildik. Onlara 30 sutka həbs verilib. Yaxınları gənc fəalları bu gün (noyabrın 7-də - red.) məhkəmə zalında görüblər. Onların sözlərinə görə, gənclərə polisdə işgəncə verilib. İşgəncə izi gözlə də görünəndir. Onlardan birinin başında şiş olub”.
Ülvi Həsənli gənc fəallara rəsmi qaydada hansı ittihamın irəli sürülməsindən xəbərsizdir.
O, noyabrın 8-də Gəncəyə gəncləri müdafiə edəcək vəkilin gedəcəyini və rəsmi məlumatları almağın mümkün olacağını bildirir.
Elmir Təhminin ailəsi Azadlıq Radiosu-na işgəncə haqda deyilənləri nə təsdiqləyir, nə də təkzib edir.
23 yaşlı Elmir Təhmin zavodda fəhlə işləyir.
Anası və bacısı onun siyasi fəaliyyətindən xəbərsiz olub. Buna görə də Elmirin həbsi, öz sözləri ilə deyilsə, “gözlənilməz”dir. Çaşqın haldadırlar və nə edəcəklərini, nə deyəcəklərini də bilmirlər.
Onlar məlumat verilmədiyindən, gəncin konkret nədə suçlandığını bildirirlər. Elmir Təhminin bacısı Ülviyyənin sözləridir:
– Bizə dedilər ki, dövlət əleyhinə şüarlar yazdıqları üçün tutublar. İttihamın nə olduğunu bilmirik. Sadəcə dedilər ki, 30 sutka veriblər. Görək sonra nə olur. Deyiblər ki, guya 30 sutkadan sonra çıxacaq... Bizə gec xəbər verdilər. Gecə tutmuşdular, amma ertəsi gün günorta xəbər verdilər ki, polis saxlayıb. Hələ görüşdürməyiblər bizi.
Elmir Təhminin anası Südabə Məmmədovadaha çox dilxordur: “Mən onu süpürgəçiliklə, təkbaşına, zülmlə böyütmüşəm... Nə deyim belə uşağa? Belə məsuliyyətsizlik olar? Uşaq valideynini düşünməz? Hansı ana övladının ora düşməsini istəyər?”.
Ailə Elmirlə birgə saxlanıldığı deyilən Tapdıq Məmmədovun valideynlərinin də çaşqın halda olduğunu deyir: “Biz onların dost olduğunu bilmirdik. Bu gün məhkəmənin qabağında gördük. Onlar da başları hayına qalıblar. Uşaq dördüncü kursda oxuyur...”.
Xatırladaq ki, Gəncədə iki fəal gənc Heydər Əliyev parkına etiraz şüarları yazdığına görə polis tərəfindən saxlanılıb və barələrində 30 sutka həbs qərarı çıxarılıb.