Tarif Şurası işığın və qazın qiymətlərini qaldırdı

Tarif Şurası işığın və qazın qiymətlərini qaldırdı
29 Noyabr 2016
Mətni dəyiş
Tarif Şurasının noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb.
Bu haqda Şuranın yaydığı press-relizdə bildirilir.
Şura bildirir ki, qazın və elektrikin tariflərinin qaldırılması ilə bağlı Dövlət Neft Şirkəti (SOCAR), “Azərenerji” ASC və “Azərişıq” ASC müraciət edib.
Şura xəbər verir ki, Dövlət Neft Şirkəti bütün istehlakçılara təbii qaz tarifinin min kubmetrə görə, 180 manata qaldırılmasını təklif edib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində elektrik enerjisinin bir kilovat-saata görə, topdansatış qiymətinin təbii qaz üzrə artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik yüksəldilməli olduğu göstərilib.
Müraciətləri araşdıran Tarif Şurası təbii qazın pərakəndə satışı ilə bağlı yeni tariflər müəyyən edib.
QAZ: İllik 1500 kubmetrdən artıq istifadə edənlərə 100 faiz artım
Qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişdirilmir. Qiymət bir kubmetrə görə, mövcud 10 qəpik səviyyəsində saxlanılıb.
Ancaq illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün bir kubmetrə görə, qiymət 20 qəpik müəyyən edilib.
Tarif Şurası Dövlət Neft Şirkətinin məlumatına əsasən bildirir ki, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır.
Tarif Şurası elektrik enerjisinin də qiymətini artırıb. Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetrə 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə bu il dekabrın 1-dən tətbiq olunacaq.
ELEKTRİK: Aylıq 250 kilovat-saatdan çox istifadə edənlərə 7 qəpikdən 11 qəpiyə
Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan istehlakçılara isə 11 qəpik müəyyən edilib.
Tarif Şurası bildirir ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisinə də yenidən baxılmasını zəruri edib.
Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik məbləğində təsdiq edilib.
Pərakəndə satış tarifi isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılara dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb.
Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan istehlakçılara isə 11 qəpik müəyyən edilib.
Şura "Azərişıq" ASC-nin bilgilərinə istinadən qeyd edir ki, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır.
Şura qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifini 9 qəpik səviyyəsində təsdiqləyib.
Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya, alüminium sənayesi, poladəritmə istehsalı müəssisələrindən ötrü elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.
Elektrik enerjisi ilə bağlı Şuranın qərarı dekabrın 1-dən qüvvəyə minir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun