Mehman Hüseynov: "Görünür İlham Əliyevin ad gününə hədiyyə etmək istəyiblər"

Mehman Hüseynov: "Görünür İlham Əliyevin ad gününə hədiyyə etmək istəyiblər"
24 Dekabr 2016
Mətni dəyiş
Bu gün Mehman Hüseynova qarşı təxribatın törədilməsi ilə bağlı məlumat vermişdik. Hadisədən sonra bloqqerdən xəbər  almaq mümkün olmurdu. Biraz əvvəl Hüseynov sosial şəbəkədə açıqlama yayıb.
"Görünür İlham Əliyevin ad gününə hədiyyə etmək istəyiblər"
Mehman Hüseynov bildirib ki, bu gün saat 15:10 radələrində evdən çıxıb bərbərə gedib. Bu zaman məhlənin çıxışında arxaya dönüb görub ki, maşından bir mülkigeyimli şəxs düşüb dalınca gəlir. Sonra mülki geyimli şəxs onu görüb yolunu dəyişib.
"Bərbərxananın giriş qapısı şəffaf idi, çöl görünürdü. Salonda güzgüyə baxanda bir az həyacanlandım, küçədə fikir verdim ki, evimizin yanında olan adam gəlib bura çıxıb. Artıq dəqiq bildim ki, məni evdən buraya qədər izləyiblər. Bərbərdən çıxanda telefonda artıq 1-2 dostuma xəbər vermişdim ki, mənə qarşı nəsə hazırlanıb. Özümü toparlamışdım, bilirdim artıq nə edəcəm", - deyə bloqqer hadisəni təsvir edir.
M.Hüseynov deyir ki, bu ona qarşı təxribat idi. Mülki geyimli şəxslər onu ya çox pis döymək, ya cibinə narkotik atıb şərləmək, ya da xuliqanlıq adı ilə həbs etmək istəyiblər. 
"Suallar yaranır bəs o adamlar kim idilər? Mən bilmirəm kim idilər onlar, polislər idimi, ya hansısa məmur öz quldurlarını üstümə göndərmişdi. Amma onu dəqiq bilirəm ki, mənə qarşı atılan hər bir addımı, hər bir təhlükənin arxasında bu hakimiyyət dayanır. Və bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır", - deyə bloqqer vurğulayıb.
Buna da baxın: Mehman Hüseynova qarşı təxribat törədilib
Mehman Hüseynov deyir ki, ona qarşı olan bu təzyiqlər, hücümlar birbaşa onun jurnalistika və bloqqerlik fəaliyyəti ilə bağlıdı:
"Çünki illərdi mən bu hökümətin, bu nazirlərin, bu deputatların, məmurların maskalarını çıxarıb, onları ifşa edib xalqa təqdim etmişəm. Son vaxtlar isə yuxardakıların xalqdan oğurlanan pulları hara xərcləyirlər, onu araşdırıb, məmurların mülklərini, biznes şəbəkələrini araşdırıb camaata göstərirdim".
Həmçinin, bildirir ki, o, bu yaxınlarda RATİ-nin (Reportyorların Azadlıq və Təhlükəsilik İnstitutun-un) sədri seçilib və bu gün səhər sənədlər Ədliyyə Nazirliyinə göndərilib.
Buna da baxın: “Yenə qanunsuzluqları, özbaşınalıqları, məmurların əsl sifətini çəkib xalqımıza göstərəcəyik”
Bloqqer bildirir ki, görünür reportajlar onları təlaşa salıb və onu RATİ-nin direktoru seçilmək sərf etməyib. Ona görə onlar qərara gəliblər ki, M.Hüseynovu aradan götürsünlər:
"Amma xeyri yoxdu, mən dayanan deyiləm, çünki mən düzgün yoldayam, mən ölkədə baş verənləri çəkib göstərirəm. Məmur özbaşnalıqlarına, qanunsuzluğa, saxtakarlığa göz yuman deyiləm. Mənim etdiklərim cinayyət deyil!"
Mehman Hüseynov bildirib ki, o bilmir bu sifarişin arxasında kim durub, Kəmaləddin Heydərovmu, Ziya Məmmədovmu, Ramil Usubovmu və ya başqa kimsə: "Mənə qarşı atılan hər belə addım bu hökümət tərəfindən atılır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun