''Nardaran işi''ndə təqsirləndirilənlər vəkillərindən imtina edib

''Nardaran işi''ndə təqsirləndirilənlər vəkillərindən imtina edib
2 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi olub.
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər iştirak etməyib. Vəkil Nemət Kərimli onların iclasdan nə vaxta qədər təcrid olunacaqlarını sual edib. Hakim “nə vaxt məhkəmə qərar versə, onda təqsirləndirilən şəxslər iclasa gətiriləcəklər”, - cavabını verib.
Vəkil Nemət Kərimli müvəkkili Abbas Hüseynovla görüşüb, məsləhətləşmək istədiyini bildirib. Hakim təcridxanada və məhkəmədə görüşə biləcəklərini söyləyib.
Vəkil Yalçın İmanov isə bildirib ki, təqsirləndirilən şəxslər vəkillərindən onların iştirakı olmadan heç bir prosesdə iştirak etməməyi tələb edirlər:
"Hər dəfə vəkillərdən kollegiyaya şikayət edirsiniz. Siz adicə sahə müvəkkilinə irad bildirmir, ona təsir edə bilmirsiniz, amma vəkilləri təsir altında saxlamağa çalışırsınız. Elə bil başımızın üstündə “Demokl qılıncı”dır. Mən hər dəfə iclaslarda iştirak etmişəm. Bu gün iki dəqiqə gecikən kimi şikayət etmisiniz. Sahə müvəkkili həmkarımı təhqir edir, ancaq siz heç nə demirsiniz. Bizdən isə asanlıqla şikayət edirsiniz”.
Hakim vəkilin bu çıxışına cavab olaraq sahə müvəkkilinin ona tabe olmadığını deyib:
“O hadisə vəkilə görə oldu. Birinci vəkil başladı, sonra tərəflər bir-birlərini ittiham etdilər. Mənim hərəkətlərimdən şikayət etmək hüququnuz var. Lakin mən sizdən şikayət etməmişəm. Hər dəfə prosesin vaxtın elan edirik. Siz gecikəndə kollegiyaya yazırıq ki, vəkillərin iştirakı təmin edilsin. Heç vaxt sizin cəzalandırılmaq məsələniz qoyulmayıb".
Daha sonra hakim bildirib ki, şahidlərdən Nicat Hüseynov, Mövsüm Feyzullayev, Zamin Məlikov, Zamin Bünyatov, ölən polislərin nümayəndələri İmran Nəsibov, Əlizamin Tağıyev teleqram vuraraq iclasda iştirak etmək istəmədiklərini deyiblər. Hakim bildirib ki, buna görə də məhkəmə onların dindirilmələrinə ehtiyac olmadığı barədə qərar qəbul edib.
Vəkil Yalçın İmanov bildirib ki, məhkəmə işi obyektiv araşdırmaq istəmir: "Onlar gəlib ifadə verməlidirlər. Bilirik ki, şahidlərə təzyiq olur".
Hakim cavab olaraq onlarda belə məlumatın olmadığını söyləyib və vəkillər tərəfindən verilən vəsatətləri elan edib. Bildirib ki, vəkillər Ramil Usubov, Cahangir Hacıyev və Kərim Əlimərdanovun məhkəməyə çağrılmaları barədə vəsatət veriblər. Daha sonra iclasda vəkillərlə təqsirləndirilən şəxslərin məsləhətləşmələri üçün fasilə elan edilib.
Fasilədən sonra təqsirləndirilən şəxslərin vəkillərindən imtina etdikləri məlum olub.
Proses dekabrın 12-də davam edəcək.
Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, “Müsəlman Birliyi” Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırzadə, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırzadə və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun