10 yaşlı Nurayın başına gələn hadisənin detalları [Tərəflər-sənədlər-video]

10 yaşlı Nurayın başına gələn hadisənin detalları [Tərəflər-sənədlər-video]
7 Yanvar 2017
Mətni dəyiş
10 yaşlı Nuray Bayramzadənin atasına verilməsi ilə bağlı Quba rayon icra şöbəsində baş verən hadisə son günlər sosial şəbəkələrində ən çox müzakirə olunan məsələlərindəndir. Hadisə 2016-cı il dekabrın 7-də baş verməsinə baxmayaraq, 1 ay sonra videosu yayılıb.
Abzas.net-ə məsələ ilə bağlı Eldar Eldarov açıqlama verib. O, Nurayın böyüdüyü ailənin başçısı, xalasının həyat yoldaşıdır.

Eldar Eldarov həmin hadisənin dekabr ayında baş verdiyini, ancaq videonu bir ay sonra yaydıqlarını bildirdi. 2012-ci ildə Quba rayon məhkəməsi uşağın atasına qaytarılması ilə bağlı qərar çıxarıb:

Youtube kanalımızı buradan izləyə bilərsiniz

"Ancaq biz qərardan Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə şikayət etdik, vəsatətlər verdik, atasının valideynlik hüququndan məhrum edilməsi məsələsini qaldırdıq. Çünki bu adam aliment ödəməyib, uşağı ilə maraqlanmayıb, aliment sənədlərini saxtalaşdırıb".
10 yaşlı Nurayın atası Əvəz Bayramov isə deyir ki, 2010-cu ildə keçmiş həyat yoldaşı xərçəng xəstəliyindən vəfat edib. O, vəfat edən kimi ərizə yazıb, uşağını geri almaq istəyib:
"Amma dedilər ki, yaxşı deyil, qoy ili tamam olsun, sonra gedib ərizə yazarsan. Mən də 1 ilin tamamında ərizə yazdım. Uşaq onda çox balaca idi. Məhkəməyə 2011-ci ildə verdim. Məhkəmə gedə-gedə məlum oldu ki, Nurayın anasının 40-ı çıxar-çıxmaz xalası qəyyumluq üçün aidiyyəti qurumlara müraciət edib, Mehriban xanımı Nurayın qəyyumu təyin ediblər. Məhkəmə də mənim xəbərim olmadan belə bir addım atıldığı üçün qəyyumluq məsələsini ləğv elədi. Quba rayon məhkəməsi, Sumqayıt apellyasiya məhkəməsi, Ali məhkəmə uşağın mənə verilməsi haqqında qərar çıxardı. Onda da uşağın 5-6 yaşı var idi. İş icra olunmadı və onlar mənim atalıq hüququmdan məhrum edilməyimlə bağlı məhkəməyə müraciət etdilər. Bununla bağlı məhkəmə bitənə qədər də uşağın xalasında qalmasına icazə verildi. İcra dayandırıldı. Məhkəmə cürbəcür iddialarla uzadıldı".
Buna da baxın: “Uşağa və qadına zor tətbiq edən iş icraçıları cəzalandırılmalıdır”
E.Eldarov bildirir ki, məhkəmə prosesləri bu vaxta qədər çəkib, uşağı da 10 yaşı tamam olub: "Ailə məcəlləsində də deyilir ki, 10 yaşlı uşağın sözü əsas götürülür, bütün əqdlərdə, məhkəmə proseslərində. "Gedirəm, gedirəm, getmirəm, getmirəm". Uşağa zor tətbiq etmək olmaz. Beynəlxalq konvensiyalar da bunu deyir".
Nuray Bayramzadənin anası Rübabə Xudaverdiyeva 6 il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib. Bundan sonra uşağın qəyyumluğu xalası Mehriban Eldarovaya verilib. Sonradan isə məhkəmənin qərarı ilə qəyyumluq ləğv olunub.
BakiPost-a açıqlama verən Əvəz Bayramov həyat yoldaşını qovmasıyla bağlı deyilənlərə də cavab verib. Bildirib ki, sabiq həyat yoldaşı özü çıxıb gedib:
"Mən Nurayın anasını qovmamışam. Aramızda elə bir söz-söhbət də olmayıb. Hətta onun evdən getməsindən əvvəl deyə-gülə məzuniyyətə də getmişdik. 2007-ci ilin avqustun sonlarında o özü çıxıb gedib. Biz heç bilməmişik də. O bizimlə qonşu kənddə qalırdı. Zəng eləmişik ki, gəlirik səni evə gətirməyə. O dedi ki, mən boşanıram, gəlmirəm. Səninlə yaşamaq istəmirəm. Onu da əsas gətirirdi ki, sən gecə növbəsində işləyirsən. Orada qalmırsan, hara gedirsən bilmirəm və s. Onda da mən 2 xəstəxanada işləyirdim. Gecə növbələrində işləyirdim. Mən ayrılmaq istəmirdim. Hətta 4 ay müddətində ərizə də yazmadım. Uşaq var idi, deyirdim qız uşağıdır, gəl ayrılmayaq. O razı olmadı".
2016-cı il dekabrın 7-də Eldarovlar ailəsi və 10 yaşlı Nuray Quba rayon məhkəmə qərarlarının icra şöbəsinə çağırılıb. Çağırış zamanı Eldar Eldarov icra şöbəsinin rəisinə görüş zamanı zorakılıq etməməklə bağlı xəbərdarlıq edib. O bildirib ki, Nuray incə və çox həssas uşaqdı, ona qarşı hansısa bir zorakılıq ona psixoloji zərər vura bilər. İcra şöbəsinin rəisi isə bildirib ki, heç bir kobudluq, zorakılıq olmayacaq, əksinə orda psixoloq da olacaq.
Nurayın atası deyir ki, keçmiş həyat yoldaşı Rübabə Bayramova özü Binəqədi rayon məhkəməsinə gedib ərizə yazıb:
"Biz 2008-ci ilin fevral-mart aylarında boşandıq. İşlədiyim doğum evinə aliment köçürülməsiylə bağlı ərizə gəldi. Onlar özləri qışqırdılar ki, bizə aliment lazım deyil. Başınıza dəysin. Mən özüm getdim Quba poçtunda hesab nömrəsi açdırdım. Hər ay məhkəmə qərarına əsasən maaşımın dörddə bir hissəsini o hesab nömrəsinə köçürdüm. Hamısının sənədləri də var. Onlar gedib alimenti almayıblar. Poçt şöbəsindən çağırıblar, yenə də gedib götürməyiblər".
Buna da baxın: Quba məhkəməsindəki hadisə ilə bağlı Ədliyyə Nazirliyində tədqiqata başlanılıb
Eldar Eldarov bildirir ki, uşağın zorla atasına verilməsinin şifarişini Ədliyyə Nazirliyinin idarə rəisi Nurəddin Mustafayev verib:
"Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev dirənib ki, uşaq alınıb verilməlidir. Hadisəni lentə alan isə icraçılardır. Onlar Nurəddin Mustafayevə sübut etmək istəyirlər ki, uşaq getmir. Yəni, bizim kreslomuz qalsın, əlimizdən gələni elədik, uşaq getmədi".
Əvəz Bayramov deyir ki, video çəkilən prosesdə Xaçmaz rayon icra şöbəsinin əməkdaşları, Quba rayon icra şöbəsinin əməkdaşları, bir də Quba rayon polis şöbəsinin əməkdaşları iştirak edib:
"Uşaq məni neçə ildir görmür. Ona görə də aydın məsələdir ki, reaksiya verir. Oradan çıxanda mənə təxminən 15-20 nəfər hücum edib, məmurların gözü qarşısında vurdular. Mən huşumu itirib yerə yıxıldım. O video axıra kimi verilməyib. Yoxsa mənə olan hücumu, yerə yıxılmağımı, hamısını görərsiniz. Uşağı mənim əlimdən alıb aparıblar".
Eldar Eldarov deyir ki, zorla atası uşağı alıb aparmaq istəyəndə atasının ayağı sürüşür, yıxılır, uşaq da əlindən çıxıb qaçır. O, bildirir ki, məhkəmə işçiləri saxta akt tərtib ediblər. Akta da uşağı atasının əlindən döyülərək alındığını yazıblar. Onun dediyinə görə, hadisə iştirakçıları faktiki cinayət işlədiblər:
"Ehtiyac olmadığı halda orda 20-dən artıq polis var idi, hətta Xaçmaz rayon icra şöbəsindən məmurlar çağırmışdılar. Necə ola bilər, o qədər məmurun, polisin qabağıdan o adamı kimsə döysün? Yalan deyir, videonun davamı bizdə var, onu ayrıca yayımlayacağıq. Sadəcə hələ gözləyirik. Bizi polisə, prokurorluğa şikayət edib deyə onun nəticəsini gözləyirik, sonra onu da yayacağıq".
Nurayın atası hazırda evli olduğunu və başqa bir qız övladının olduğunu da bildirib: "Uşağım mənə verilməsə, çıxıb gedəcəyəm Dağıstana, orada yaşayacağam”.
Eldar Eldarov vurğuladı ki, icraat dayandırılmayıb, hələ Bakıya da dəvət ediblər ki, uşağı gətirin bura, burda biz dindirək: "Bizi aldadıb, Bakıda atasına vermək istəyirlər. Uşaq hazırda bizdədir. Uşağı aparsaydılar, uşağın ürəyi partlayardı. İstəsəz bu dəqiqə uşağı da danışdılar bilərik. Uşaq da bizə deyir ki, aldadıb apardınız ki, yaxşı olacaq, başıma nələr gəldi".
  [embed]https://www.youtube.com/watch?v=2vIC04fW_PU&t=1s[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun