Müxalifət liderləri Mehriban Əliyevanın təyinatına münasibət bildirib
21 Fevral 2017
Mətni dəyiş
Fevralın 21-i prezident İlham Əliyevin qərarı ilə xanımı Mehriban Əliyeva Azərbaycanın vitse-prezident vəzifəsinə təyin olunub. Qərara müxalifət liderlərinin münasibəti fərqli olub.
“Bu qərarda sensasiyalı bir şey görmürəm. Tamamilə gözlənilən idi”, REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.
“Əgər bu, idareətmə sistemini yaxşılaşdıracaqsa, Prezident Administrasiyası və Nazirlər Kabineti arasında səlahiyyət bölgüsü aparacaqsa niyə də olmasın”, N.Cəfərli qeyd edib.
Ancaq bu, olmasa və həmin qurumlar arasında paralellik, təkrarçılıq qalarsa bu qərarın heç bir önəmi olmayacaq.
“Təəssüf ki, 26 sentyabr referendumunun mənasız olması barədə proqnozlarımız özünü doğrultdu”, Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.
“Hələ o zaman deyirdik ki, referendumda məqsəd ölkədə ailə, klan hakimiyyətini qanuniləşdirməkdir. Bu addım Azərbaycanı orta əsrlərə, feodal quruluşuna geri çəkir və həm hakim dairələrdə, həm də ümumilikdə cəmiyyətdə münasibətlərin kəskinləşməsinə gətirib çıxara bilər”, o vurğulayıb.
İ.Qəmbər qeyd edib ki, buna beynəlxalq reaksiya mənfi olacaq.
“Beynəlxalq birlik buna mənfi reaksiya verəcək və bu, təbiidir, çünki XXI əsrdə ailə hakimiyyətinin qurulması yolverilməzdir”, - o vurğulayıb.
AXCP sədri Əli Kərimli bildirib ki, bu addım ölkədə de-fakto mövcud olan ailə hakimiyyətinin rəsmiləşdirlməsindən ibarətdir.
“Əslində konstitusiya dəyişdiriləndə biz cəmiyyətə açıq mesaj vermişdik ki, buna heç bir ehtiyac yoxdur. Konstitusiya yalnız ailə ambisyalarını təmin etmək üçün dəyişdirilir. Əvvəlcə, konstitusiyanı iki dəfə İlham Əliyevin yolunu açmaq üçün dəyişdirmişdilər. 2003-cü ildə onun hakimiyyəti asanlıqla əldə etməsi üçün konstitusiyanı dəyişdirmişdilər. 2009-cu ildə isə saysız qədər prezidentliyə namizəd olması üçün dəyişdirmişdilər. Bu dəfə də hakimiyyəti ailə üzvünə rahat ötürə bilməsi üçün konstitusiyanı dəyişdirdi”.
Əli Kərimlinin firkincə, İlham Əliyevin bu təyinatı Azərbaycan xalqına qarşı hörmətsizlikdir.
“Bu 100 il bundan qabaq bütün şərq müsəlman aləmində respublika qurmuş ölkənin, xalq cümhuriyyəti irsinə xəyanətdir. Bu rəsmən Azərbaycanda monarxiya, hətta mütləq monarxiya yaratmaq istiqamətində atılmış addımdır. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti ölkəmizdə monarxiya qurulması ilə, bunun həm de-yure, həm də de-fakto reallaşması ilə barışamayacaq”,- o qeyd edib.
Onun sözlərinə görə, buna müxalifət tərəfindən ciddi şəkildə etirazlar olacaq.
“Biz onsuz da ölkədə monarxiya qurulmasına qarşı mübarizə aparırıq. Bizim ötən ilin sentyabrında sonuncu mitinqimiz “Monarxiyaya yox!” tələbi ilə keçirilib. Bundan sonra da xalqımızdan müvafiq sosial sifariş aldıqca etirazlarımızı davam etdirəcəyik. Konstitusiyamızın bu şəkildə saxtalaşdırılması, hakimiyyətin bir ailə tərəfindən zəbt edilməsi ilə barışmaq fikrimiz yoxdur. Konstitusiya çərçivəsində demokratik prinsiplərlə dinc mübarizə ilə ölkədə respublika prinsiplərini bərpa edəcəyik”, Ə.Kərimli vurğulayıb.