Bu gün Türkiyədə tarixi referendum keçirilir [Canlı bloq]

Bu gün Türkiyədə tarixi referendum keçirilir [Canlı bloq]
16 Aprel 2017
Mətni dəyiş
[Son məlumatlar yazının yuxarı hissəsində ]
Bu gün Türkiyədə parlament sistemindən prezident idarəetmə sisteminə keçid üçün referendum keçirilir. 
23:10 - CHP sədri Kemal Kılıçdaroğlu və müxalif millətçilərin liderlərindən Meral Akşener seçki saxtakarlıq edildiyini bəyan ediblər.
***
23:00 - Rəsmi Anadolu Agentliyi referendumun nəticələrini açıqlayıb. Məlumata görə, "Bəli" 51%, "Xeyr" 49%. Seçki Komissiyası rəsmi rəqəmləri hələ açıqlamayıb.
***
20:45 - Bütün səslərin 96%-i sayılıb. "Bəli" 51.5%, "Xeyr" 48.5%.
20:25 - Ankarada "Xeyr" qərarı önə keçdi. Səslərin 92%-i sayılıb. Türkiyədə səslərin 93% -i sayılıb, 51% "Bəli", 49% "Xeyr".
***
19:55 - İstanbulda səslərin 90%-i sayılıb. "Xeyr" 50,1%-lə önə keçdi.
***
19:50 - Səslərin 80%-i sayılıb. "Bəli" 53%, "Xeyr" 47%.
***
19:20 - Səslərin 55%-i sayılıb. "Bəli" 56%, "Xeyr" 44%.
***
19:00 - "Bəli" 59.93%, "Xeyr" 40.07%.
***
Gələn ilkin məlumatlara görə bütün səslərin 27.62%-i sayılıb. "Bəli" 62%, "Xeyr" 38% olaraq bildirilir.
***
Türkiyə saatı ilə 17:00-da bütün ölkə boyu səsvermənin dayandırıldı və səslərin sayımı başladı.
***
Türkiyə Yüksək Seçki Komissiyasının yaydığı məlumata görə, 32 rayonda saat yerli saatla 16:00 etibarilə səslər sayılmağa başlayıb.
***
“Human Rights Watch” insan haqları təşkilatı bildirir ki, bu təkliflər insan haqlarına və Türkiyənin demokratik gələcəyinə böyük təhlükə yaradar, qəbul olunarsa, Erdogan “nəzarətsiz hakimiyyət”ə yiyələnər.
Avropa Şurası, Avropanın İnsan Haqları komissarı Nils Muiznieks konstitusiyaya təkliflərdən “dərin narahatlıq” bildiriblər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kampaniya və səsvermənin uğursuz çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə vəziyyətdə keçirildiyinə diqqət çəkib. ATƏT müşahidəçiləri bu fövqəladə vəziyyətdə fundamental insan haqlarının məhdudlaşdırıldığını bildirir. Minlərlə vətəndaş saxlanıb, yaxud da işdən çıxarılıb.
Dəyişikliklərin opponentləri dövlət tərəfindən repressiya olunduqlarını bildirirlər. Onların iddiasına görə, “hə” kampaniyasının tərəfdarları tədbirlərin təşkilində dövlət mediası, orqanlarından və maliyyədən yararlana biliblər.
Erdogan və müttəfiqlərinin Avropada kampaniya aparmaq cəhdləri Almaniya, Niderland, Danimarka və İsveçrədə əngəllənib. Bu da Ankarayla diplomatik mübahisəyə yol açıb.
AB-nin Ankaradakı keçmiş səfiri, hazırda Karnegi Avropa Fondunda təhlilçi kimi çalışan Marc Pierini AzadlıqRadiosuna deyib ki, dəyişikliklər qəbul olunarsa, Ankarayla Brüsselin münasibətləri tamamilə korlana bilər.
“Qərb dünyasında ekvivalenti olmayan bir sistem qurulacaq. Bir nəfərin əlində daha çox hakimiyyət cəmləşəcək, nəzarətsiz hiper-prezident sistemi yaranacaq. Qərbdə belə bir şey yoxdur. Bu, doğrudan da bir nəfərin idarəçilik sistemi olacaq və AB normalarıyla ziddiyyət təşkil edəcək”, – Pierini deyib.
***
Türkiyənin prezidenti Recep Tayyip Erdoğan İstanbulun Üsküdar rayonunda səs verib. Bülleti nəvəsi ilə birlikdə qutuya atan Erdoğan dəyişikliyin Türkiyənin gələcəyi üçün vacib olduğunu bildirib. "İnanıram ki, bu dəyişikliklər Türkiyənin qarşısında duran maneələri aradan qaldıracaq və sürətli inkişafı üçün zəmin hacırlayacaq"- deyə prezident qeyd edib.
Baş nazir Binalı Yıldırım isə İzmirdə səs verib. Jurnalistlərə qısa açıqlama verən Yıldırım qutudan çıxacaq nəticəyə hörmətlə yanaşılacağını deyib. "Nəticədən asılı olmayaraq millətin qırarı başımızın tacıdır. Millətimizin verdiyi qərar ən gözəl qərardır"- deyə baş nazir bildiri.
Ankarada səsverməyə qatılan ana müxalifət partiyası CHP-nin sədri Kemal Kılıçdaroğlu Türkiyənin taleyinin həll olunduğunu deyib. "İnşallah xeyirli nəticə çıxacaq və biz Türkiyəni təməl problemlərini həll etmək üçün əlimizdən gələni edəcəyik"- deyə Kılıçdaroğlu bildirib.
Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli də səsini Ankarada verib. Səsvermədən sonra jurnalistlərə qısa açıqlama verən Bahçeli Türkiyənin önəmli mərhələdən keçdiyini və üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün xoşbəxt olduğunu bildirib.
***
Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb. Seçkidə 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək.
Referendumda konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) dəyişikliyi dəstəkləyən tərəflərdir.
Müxalif millətçilər, ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP), həmsədrləri - Selahaddin Demirtaş və Figen Yüksekdağın həbsdə olan Xalqların Demokratiyası Partiyası (HDP) və parlamentdə olmayan mühafizəkar-dindar Səadət Partiyası konstitusiyaya dəyişikliklərin edilməsinə qarşı çıxırlar.
Aparılan rəy sorğularında "bəli" və "xeyr" seçənəkləri son günə qədər başa baş gedib.
Türkiyənin prezidenti Recep Tayyip Erdoğan və iqtidardakı AKP parlament idarəetmə üsulunun effektiv işləmədiyini, daha çevik idarəetmə üçün prezidentin səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayırlar.
"Xeyr"çilər isə bu dəyişikliyin artmaqda olan avtoritar meyillərin daha da şiddətləndirəcəyini və demokratik dəyərlərin zəifləyəcəyindən narahatlıqlarını bildiriblər.
Nəzərdə tutulan dəyişikliklərə əsasən baş nazir "postu" ləğv ediləcək, prezident partiya üzvü ola biləcək, Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfər çıxarılacaq, millət vəkili seçilmə yaşının 18-ə endiriləcək və məhkəmə sistemi qismən prezidentə bağlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun