Azərbaycan saxladığı iki iranlı sürücünü geri qaytarıb

Azərbaycan saxladığı iki iranlı sürücünü geri qaytarıb
21 Oktyabr 2021
Mətni dəyiş

Gömrük Komitəsi bildirir ki, "humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq" prinsiplərinə görə, iranlı sürücülər ölkələrinə geri qaytarılıb. Çərşənbə günü Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun 8-ci iclası keçirilib.

Azərbaycan bu ilin sentyabrında saxladığı iki iranlı sürücünü öz ölkəsinə geri qaytarıb. Bu barədə Gömrük Komitəsi məlumat yayıb.

Bu ilin sentyabrında Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə başlayıb. Azərbaycan hüquq-mühafizə orqanlarının bu yoldan istifadə edən İran mənşəli sürücülərin sənədlərini yoxlamasından və onları gömrük rüsumuna cəlb etməsindən, o cümlədən iki iranlı sürücünü Azərbaycan ərazisinə qanunsuz keçməsi ittihamı ilə saxlamasından sonra Bakı ilə Tehran arasında münasibətlər gərginləşib.

Komitənin açıqlamasına görə, "Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb".

Gömrük Komitəsi bildirir ki, bu şəxslər gömrük qaydalarını pozmuş, o cümlədən, Azərbaycanın mühafizə olunan dövlət sərhədini "müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq" keçdiklərinə görə saxlanılmışdılar.

Oktyabrın 20-də İran öz yük maşınlarının Ermənistandan Qarabağa getməsinə "qadağa qoyub".

İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayətinin müraciətində İran vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsi qadağan edilir və Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun