Azərbaycan-İran sərhədində atışma baş verib, ölən var

Azərbaycan-İran sərhədində atışma baş verib, ölən var
7 Dekabr 2021
Mətni dəyiş
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DXS) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. DSX-dən bildirilib ki, dekabrın 7-si saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, sərhəd nar­yadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstəriblər. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbay­can Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunub və onlardan biri zərərsiz­ləşdirilib. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür. Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir. Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl­boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edilib. Hadisə barədə İran tərəfi məlumatlandırılıb. Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun