Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutmayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutmayıb
4 Dekabr 2021
Mətni dəyiş
ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində Stokholmda (İsveç) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutmayıb. Bu barədə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib. Açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbini açıqlayıb. Leyla Abdullayeva bildirib ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi: “İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu-York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Lakin 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarilərinin Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun