Media ekspertləri Milli Məclisə yeni təkliflər göndərdi

Media ekspertləri Milli Məclisə yeni təkliflər göndərdi
28 Dekabr 2021
Mətni dəyiş

Bir qrup media eksperti və media hüququ üzrə mütəxəssis dekabrın 27-də "Media haqqında" yeni qanun layihəsi ilə bağlı təklif və iradlarını Milli Məclisə göndəriblər.

Ötən həftə Milli Məclisin nümayəndələri və əlaqəli qurumların rəhbərləri "Media haqqında" qanun layihəsini bir qrup KİV rəhbəri və media eksperti ilə müzakirə etmişdilər. Layihəyə düzəliş təklifləri çox olduğu və bir sıra hallarda konseptual mahiyyət daşıdığı üçün müzakirələr nəticəsində onların yazılı şəkildə təqdim edilməsi qərara alınmışdı.

Bu gün isə media ekspertləri Mehman Əliyevin, Qulu Məhərrəmlinin, Elçin Şıxlının, Arif Əliyevin, Osman Gündüzün rəylərini nəzərə almaqla, media hüququ üzrə mütəxəssislər Ələsgər Məmmədli və Xalid Ağaliyev həmin təklifləri ümumiləşdirərək Milli Məclisin müvafiq komitəsinə göndəriblər.

Məlumata görə, burada 78 maddəlik qanun layihəsinin 40-dək maddəsinə diqqət yetirilib. Onlardan bəzilərinin çıxarılması, digərlərinin yeni redaksiyada verilməsi, yaxud dəyişdirilməsi barədə məsələ qaldırılaraq əsaslandırılıb.

Media ekspertləri ümidvar olduqlarını bildiriblər ki, onların təklifləri öyrəniləcək, layihə indiki vəziyyətdə tələsik 3-cü oxunuşa çıxarılaraq təsdiq edilməyəcək və beynəlxalq standartlara, prinsiplərə uyğun olan, media azadlığını və jurnalist fəaliyyətini təhdid etməyən yeni qanun layihəsinin qəbul olunması imkanı əldən verilməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun