Saleh Rüstəmli ilə bağlı beynəlxalq qurumlara müraciət edildi

Saleh Rüstəmli ilə bağlı beynəlxalq qurumlara müraciət edildi
8 Dekabr 2021
Mətni dəyiş

Demokratik Təşəbbüslər İnstitutunun təşəbbüsü ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri beynəlxalq qurumlara müraciət ediblər.

Müraciətdə deyilir:

"Biz, vətəndaş cəmiyyəti nümayəndələri, aclıq edən bir siyasi məhbusun həyatının təhlükədə olmasından, bu pis örnəyin işığında “siyasi məhbus” probleminin illərdir həll edilməməsindən, təməl hüquq və azadlıqların sistemli hala çevrilən pozuntularından ciddi narahatıq. Sizə müraciətimizin məqsədi Azərbaycan cəmiyyətinin üzləşdiyi ağır siyasi-hüquqi problemlər barədə bilgiləndirmək, böhranlı durumdan çıxmaqda mümkün yardımlarınızı əsirgəməmənizi rica etməkdir.

Təəssüflər olsun ki, səylərimizə baxmayaraq, Azərbaycanda “siyasi məhbus” probleminin qurbanı olan 100-dən artıq insan həbsxanalarda qurama ittihamlarla cəza çəkirlər. Onlardan biri olan Xalq Cəbhəsi Partiyasının (AXCP) təəssübkeşi Saleh Rüstəmovun həbsi, mühakimə olunması, azadlıqdan məhrum edilməsi böyük bir qanunsuzluq silsiləsi idi. Azərbaycan vətəndaşlığını saxlamaqla, həm də Rusiya vətəndaşı olan S.Rüstəmli 1998-ci ildən Rusiyada kiçik sahibkarlıqla məşğul olub. Siyasi motivlərlə həbs edilən AXCP üzvlərinin ailələrinə, digər siyasi məhbus yaxınlarına yardımlar edən, Rusiyadakı digər azərbaycanlıların yardımlarının da çatdırılmasına köməklik göstərən S.Rüstəmov 2018-ci ildə yaxınlarına baş çəkmək üçün Azərbaycana gəldiyində, Daxili İşlər Nazirliyinin (DİN) ən vahiməli reputasiyaya malik bir orqanı - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. S.Rüstəmli uzun müddət qapalı saxlanılıb, durumu haqda yaxınlarına bilgi verilməyib, vəkilə çatımı əngəllənib, müxalifətçilərə qarşı etirafedici ifadələr verməsi üçün dəhşətli işgəncələrə məruz qalıb.

S.Rüstəmli əvvəlcə, Azərbaycan hökumətinin rəqiblərini susdurmaq, cəzalandırmaq üçün sıx istifadə etdiyi narkotik cinayətlərində ittiham olunub. İstintaq zamanı daha bir qurama cinayətdə - cinayətkar birlik təşkil edib, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda günahlandırılıb. Qanunsuzluqlarla müşayət olunan istintaqın gəldiyi nəticələri, məhkəmələr olduğu kimi təsdiqləyiblər. S.Rüstəmli qanunsuz və əsassız hökmlə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, onun bütün ailə üzvlərinin qanuni əmlakları, doğulub böyüdüyü ata mülkü də müsadirə olunub. Qanunsuzluq, siyasi məzmunlu yanaşma yuxarı məhkəmələrdə də davam edib, hökm ləğv olunmayıb, yalnız Ali Məhkəmə onun cəzasını 2 ay azaldıb.

Üzləşdiyi qanunsuzluqlara etiraz olaraq, 31 gün əvvəl aclığa başlayan, həmin vaxt həkim nəzarətinə verilməsi gözlənilsə də, 4 günlüyə cərimə təcridxanasına salınan S.Rüstəmov hazırda aclığı davam etdirir. Aclıq aksiyası, hər hansı cinayət əməlinə yol verməsi sübut olunmayan, məhz siyasi sifariş nəticəsində həbxanaya atılan bir vətəndaşı, hər gün ölümə daha da yaxınlaşdırır. S.Rüstəmov 15 kq arıqlayıb, halsızlışıb, yeriməkdə, ayaq üstə durmaqda, danışmaqda çətinlik çəkir. O, keyifyyətli həkim müayinəsiylə təmin edilməyib, formal xarakterli müayinələr isə effektli deyil.

Azərbaycan hökumətinin öz rəqiblərini sıradan çıxarmaq, ram etmək siyasətinin ən pis örnəklərindən olan S.Rüstəmov olayı, ölkənin demokratikləşməsini, firavan gələcəyini arzulayan bütün ictimaiyyətdə ciddi narahatıqla qarşılanır. Bu narahatlıq özünü dekbarın 1-də Bakıda S.Rüstəmova qarşı qanunsuzluqlara etiraz etmək məqsədilə keçirilən dinc aksiya zamanı göstərdi. Təəssüflər olsun ki, polislər, hökuməti qanunsuzluqlardan, yanlış addımlardan çəkinməyə çağırış məzmunlu bu aksiyaya amansız müdaxilə etdilər – milli qanunlarda, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan haqlarından dinc yararlanan 40-dan çox vətəndaş saxlanıldı, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qaldı, 5 nəfər inzibati pozuntu əsası ilə həbs edildilər. Saxlanılanlardan bir neçəsi qanuni bəraəti olmayan fiziki işgəncələrə məruz qaldırlar. Əvvəllər tənqidi mövqeyinə görə dəfələrlə cəzalandırlmış müxalif partiya liderlərindən Tofiq Yaqublu polis bölməsində, ardınca, polis avtomobilində amansız işgəncələrə məruz qaldı. Bakı şəhərinin ucqarlarına aparılan siyasətçi, ondan siyasi fəaliyyətini dayandırmasını tələb edən kimliyi hələ də bəlli olmayan rəsmi şəxslərin vahiməli işgəncələrinə məruz qaldı, gecə vaxtı ağır durumda olsa da şəhər kənarında köməksizcəsinə tərk edildi. Başqa bir müxalifətçi, AXCP üzvü Paşa Dadaşzadə də polisin amansız fiziki rəftarına məruz qaldı, qolu bir neçə yerdən sındırıldı.

S.Rüstəmovun uzləşdiyi qanunsuzluq silsiləsi, bu qanunsuzluğun aradan qaldırılmasını arzulayan, bunu öz qanuni haqlarından yararlanmaqla ifadə edən insanlarla amansız rəftar, bu məktuba imza atan vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca narahatlıq mənbəyidir. İllərdir ki, siyasi düşüncə, baxışları ucbatından qurama ittihamlarla həbsxanada cəza çəkən bir insanın həyatını itirməsi, təkcə Azərbaycan toplumunun tərəqqisinə, Avropa ailəsinin örnək üzvlərindən birinə çevrilmək arzularına deyil, ümumilikdə, ümumbəşəri dəyərlərin pöhrələməsinə, oturuşmasına vurulan ən ağır yaralardan olardı. Təəssüflər olsun ki, illərdir, hökumətin qanunsuz, ədalətsiz basqılarına, hücumlarına məruz qalan Azərbaycan vətəndaş cəmiyyətinin səyləri, belə yaraları önləməyə kifayət etmir. Biz, ümumbəşəri dəyərlərin ağır yaralar almaması naminə, bütün tərəqqipərvər qurumalardan, ölkələrdən, fərdlərdən, o cümlədən də, Sizdən öz mümkün səylərinizi bizdən əsirgəməmənizi, təməl insan haqlarının təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri Azərbaycan hökumətinə xatırlatmanızı, S.Rüstəmovun məruz qaldığı qanunsuzluqların nəticələrini aradan qaldırmaqda faydalı ola biləcək bütün mümkün addımları atmanızı rica edirik".

Müraciətə aşağıdakı şəxslər imza atıblar:

Akif Qurbanov - Sədr, Demokratik Təşəbbüslər İnstitutu Alya Yaqublu - Jurnalist Anar Məmmədli - Sədr, SMDT Anar Orucov - Direktor, Kanal13 Ayxan Hacıbəyli - Siyasi fəal Aynur Elgünəş - Jurnalist Azər Qasımlı -  Direktor, SMİ - Siyasi Menecment İnstitutu Azər Mehdiyev - Sədr, İqtisadi Təşəbbüslərə Yardım İB Bəhruz Bayramov -  Vəkil, Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev - Direktor, İctimai Siyasət İnstitutu Bəşir Süleymanlı - Sədr, Vətəndaş Hüquqları İnstitutu Cavad Cavadov -  Vəkil, Vəkillər Kollegiyasının üzvü Cəsur Məmmədov -  Direktor, Xəzər Hərbi Tədqiqatlar İnstitutu Elçin Sadıqov - Vəkil, Vəkillər Kollegiyasının üzvü Elman Fəttah - Siyasi şərhçi Elmir Abbasov, İdarə Heyətinin üzvü, Nida Vətəndaş Hərəkatı Elnur Astanbəyli - Jurnalist-yazar Əbülfəz Qurbanlı - Təsisçi, Artikl 54 İctimai Birliyi Əfqan Muxtarlı - Jurnalist Əhməd Məmmədli - Sədr, D18 Hərəkatı Əlayif Həsənov - Hüquqşünas Ələsgər Məmmədli - Hüquqşünas Ənnağı Hacıbəyli - Hüquqşünas Əsabəli Mustafayev -Prezident, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi Fariz Namazlı - Vəkil, Vəkillər Kollegiyasının üzvü Fikrət Cəfərli - Sədr, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Fuad Əhmədli - Həmtəsisçi, Siyasi Məhbuslar və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi Fərid İmanov - Sədr, Tələbə Güc Mərkəzi Gülər Abbaslı - İctimai fəal Hafiz Babalı - Jurnalist, Turan İnformasiya Agentliyi Xalid Ağaliyev - Təsisçi, Media Hüququ Qrupu Xalid Bağırov - Hüquqşünas Xədicə İsmayıl - Araşdırmaçı jurnalist İlham Hüseynli - Sədr, Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq İctimai Birliyi İlkin Rüstəmzadə - Blogger, İnsan hüquqları fəalı İlqar Hüseynli - Prezident, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyi İntiqam Əliyev - Hüquqşünas İmran Əliyev - Təsisçi, "Meclis.info" Parlamenti Monitorinq Platforması Kamran Mahmudov - Müstəqil jurnalist Mehman Əliyev - Direktor, Turan İnformasiya Agentliyi Mehman Hüseynov - Sədr, SANCAQ Media Qrupu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Mete Türksoy - Siyasi fəal Mirəli Hüseynov - Sədr, Demokratiyanı Öyrənmə İctimai Birliyi Namiq Abdullayev - İdarə Heyəti üzvü, Demokratik Təşəbbüslər İnstitutu Zamizəd Səfərov - Hüquqşünas Nemət Kərimli - Vəkil, Vəkillər Kollegiyasının üzvü Nəsimi Məmmədli - Sədr, Yayımların Monitorinq Mərkəzi Nigar Həzi - Siyasi fəal Qabil Abbasoğlu -  Baş redaktor, Press-Klub Qalib Bayramov - Hdarə Heyətinin sədri, İqtisadi Tədqiqatlar Mərkəz Qənimət Zahid - Baş redaktor, “Azadlıq” qəzeti; Direktor, Turan TV Rüfət Səfərov -  Həmtəsisçi, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Rəsul Cəfərov - Sədr, Bakı İnsan Hüquqları Klubu Rövşən Ağayev - Sədr müavini, İqtisadi Təşəbbüslərə Yardım İB Rövşən Hacıbəyli - Redaktor, "Azadlıq" qəzeti Ruslan İzzətli - Siyasi fəal Samir Kazımlı - Hüquq müdafiəçisi Samir Əliyev - İdarə Heyətinin üzvü, İqtisadi Təşəbbüslərə Yardım İB Samirə Qasımlı - Redaktor,  RLC internet TV Sevinc Abbasova - Reportyor, Meydan TV Səməd Rəhimli - İnsan hüquqları hüquqşünası Şahin Cəfərli - Siyasi şərhçi Şahvələd Çobanoğlu - Jurnalist Şəhla Hümbətova - Vəkil, Vəkillər Kollegiyasının üzvü Şəmşad Ağa - Jurnalist Toğrul Vəliyev - İqtisadçı Toğrul İsmayılov - İctimai fəal Ülvi Həsənli - İctimai fəal, Nida Vətəndaş Hərəkatı Vasif  İsmayıl - Həkim, Azərbaycan Tibb Universiteti Yadigar Sadıqlı - Tarixçi Yalçın İmanov - Hüquqşünas Zaur Əkbər -  Həmtəsisçi, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Zəfər Əhmədov -  Həmtəsisçi, “Müdafiə Xətti” İnsan Haqları   Təşkilatı Ziya Quliyev - Təsisçi, Azərbaycan Hüquq Cəmiyyəti Zibeydə Sadıqova - Vəkil, Vəkillər Kollegiyasının üzvü Zöhrab İsmayıl -  Sədr, Azad İqtisadiyyata Yardım İctimai Birliyi

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun