Saleh Rüstəmliyə görə təyin olunan aksiyanın təşkilatçılarından birinin saxlanıldığı deyilir

Saleh Rüstəmliyə görə təyin olunan aksiyanın təşkilatçılarından birinin saxlanıldığı deyilir
1 Dekabr 2021
Mətni dəyiş

Bakıda hazırda həbsxanada aclıq aksiyası keçirən Qarabağ qazisi, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə keçiriləcək etiraz aksiyasının təşkilatçılarından biri olan Mete Türksoyun saxlanıldığı deyilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, o, mülkigeyimlilər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Bu gün saat 15:00-da Bakının Fəvvarələr Meydanında hazırda həbsxanada aclıq aksiyası keçirən Qarabağ qazisi, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçiriləcək.

Aksiyanın təşkilatçıları keçmiş siyasi məhbus İlkin Rüstəmzadə və Mete Türksoydur. İlkin Rüstəmzadə isə feysbuk hesabında qeyd edib ki, təşkilatçılardan birinin saxlanılmasına baxmayaraq, aksiya baş tutacaq.

Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.

Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.

Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.

Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.

Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə 26 gündür aclıq aksiyası edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun