Tofiq Yaqublu Səbail Rayon Prokurorluğundadır, işgəncələrlə bağlı ifadə verəcək

Tofiq Yaqublu Səbail Rayon Prokurorluğundadır, işgəncələrlə bağlı ifadə verəcək
3 Dekabr 2021
Mətni dəyiş

Tofiq Yaqublu vəkili Nemət Kərimli ilə birlikdə Səbail Rayon Prokurorluğundadır. 

Bu barədə qızı Nigar Həzi məlumat verib. Nigar Həzinin yazdığına görə, Tofiq Yaqublu 1 dekabr mitinqindən sonra polis bölməsində və buraxılarkən polislər tərəfindən dəhşətli işgəncələrə məruz qalmasına dair ifadə vermək üçün Səbail Rayon Prokurorluğuna dəvət olunub.

Dekabrın 1-də Bakının Fəvvarələr Meydanında hazırda həbsdə olan sabiq icra başçısı, Qarabağ qazisi Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Saleh Rüstəmlinin qanunsuz həbs olunduğunu, buna görə aclıq aksiyası etdiyini deyirlər. Onların əsas tələbi Saleh Rüstəmlinin azadlığa buraxılmasıdır.

Polis onlarla aksiya iştirakçısını zorakılıqla saxlayıb.

Saxlanılanlara qarşı isə xüsusi amansızca rəftar göstərilib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu polisin ona dəhşətli işgəncələr verdiyini deyib. Yaqublunun işgəncədən sonra çəkilmiş şəkilləri ciddi narahatlıq və etiraz yaradıb. Bundan başqa, AXCP üzvü Paşa Dadaşzadənin qolu sındırılıb, digər saxlanlanların bəziləri bədənlərinin müxtəlif yerlərindən xəsarət alıblar.

Məhkəmə aksiyada saxlanılan AXCP üzvləri İlham Hüseynə 30 sutka, Səyyad Quliyevə 15 sutka, Elxan Əliyevə 20 sutka, Elçin Teymurova 25 sutka həbs cəzası verib. Aksiyada iştirak etmədiyi deyilsə də, ictimai fəal Rüstəm İsmayılbəyli də 30 sutka inzibati qaydada həbs olunub.

Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.

Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.

Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.

Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.

Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə 28 gündür aclıq aksiyası edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun