Casusluqda ittiham olunan Sucyan və Davtyanın kimliyi məlum oldu

Casusluqda ittiham olunan Sucyan və Davtyanın kimliyi məlum oldu
10 İyul 2021
Mətni dəyiş
Ermənistan KİV-lərinin məlumatına görə, Azərbaycanda casusluqda ittiham olunan Qeorq Sucyan blogerdir. 2020-ci ilin noyabrında o, dostu ilə birlikdə İstisuda (Azərbaycanın Kəlbəcər rayonu) video çəkib və kadrları Facebook-da paylaşıb. Bu videoda o, azərbaycanlıların ünvanına söyüş söyüb. Onun səhifəsindən 6000-dən çox istifadəçi bu videonu paylaşıb. Bir müddət sonra, noyabrın 11-də Ermənistan KİV-ləri Sucyanın dostu David Davtyanla birlikdə yoxa çıxdığı barədə məlumat yayıb. Onlarla 4 gündür əlaqə saxlamağın mümkün olmadığı bildirilirdi. Sucyanın Ermənistan vətəndaşı və “Yeni Vətən Ermənistan” diaspor təşkilatının rəhbəri olduğu iddia olunur. Ermənistanda onun “humanitar məqsədlərlə” Azərbaycana getdiyi və əsir olduğu bildirilir. Ermənistanın ombudsman aparatının məlumatına görə, onlar hərbi əməliyyatlar başa çatdıqdan sonra Laçın-Şuşa yolunda saxlanılıblar. Azərbaycanda adı çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb. İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırlıq iclası iyulun 14-də hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun