İran XİN: "Azərbaycan prezidentinin bu cür qiymətləndirmələri çox məyusedicidir"

İran XİN: "Azərbaycan prezidentinin bu cür qiymətləndirmələri çox məyusedicidir"
29 Sentyabr 2021
Mətni dəyiş

Rəsmi Tehran prezident İlham Əliyevin İranın Azərbaycanla sərhəddə niyə hərbi təlimlər keçirdiyini anlamaması barədə dünənki bəyanatına cavab verib.

Belə ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Azərbaycan prezidentinin İranla Azərbaycan sərhəddində keçirilən hərbi təlimlərə verdiyi qiyməti "məyusedici" adlandırıb.

"İki ölkənin etimadlı münasibətləri fonunda Azərbaycan prezidentinin bu cür qiymətləndirmələri çox məyusedicidir", - Xətibzadə çərşənbə axşamı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu mövzu (hərbi təlimlər) Nyu-Yorkda keçirilən görüşdə İran və Azərbaycan xarici işlər nazirləri arasında ətraflı müzakirə olunub və onların davam etdirilməsi barədə razılıq əldə edilib.

"İran hər zaman hər hansı bir ərazinin işğalına qarşı olub və ölkələrin suverenliyinə, sərhədlərinə və ərazi bütövlüyünə hörmət edib", o deyib.

İranın Azərbaycanın sərhədləri yaxınlığında bilavasitə keçirilən hərbi təlimlərə toxunan Xətibzadə nədənsə İsraili xatırladıb.

"Bu, təhlükəsizlik məsələsidir və (təlimlər) bütün regionun sabitliyi üçün keçirilir. İran, əlbəttə ki, öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcək və öz təhlükəsizliyi üçün lazım olan hər şeyi edəcək", - Xətibzadə bildirib.

Eyni zamanda, iranlı diplomat Tehranın Bakının onun suverenliyinə hörmət etmək tələbinə məhəl qoymaması ilə bağlı İlham Əliyevin ittihamlarına cavab verməyib. İran Azərbaycanın təkidli xəbərdarlıqlarına baxmayaraq, yük maşınlarını Qarabağa göndərməkdə davam edir.

Bir gün öncə Azərbaycan prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirməsini "anlaşılmaz" adlandırıb. "Hər bir ölkə öz ərazisində hərbi təlimlər keçirməyə haqlıdır, amma nəyə görə məhz indi və nə üçün bizim sərhədimizdə?"- Əliyev deyib və ümid etdiyini bildirib ki, İranla uzunmüddətli əməkdaşlığa xələl gəlməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun