Azərbaycanda həbsdə olan iki erməninin işi üzrə məhkəmə başlayıb

Azərbaycanda həbsdə olan iki erməninin işi üzrə məhkəmə başlayıb
11 Yanvar 2022
Mətni dəyiş
Azərbaycanda həbsdə olan Ermənistanın iki vətəndaşı - İşxan Sarqsyan və Vladimir Rafaelyanın işi üzrə yanvarın 10-da məhkəmə istintaqı başlayıb. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, proses Bakıda - Sabunçu Rayon Məhkəməsində keçirilir. Məhkəmədə ittiham aktı elan edilib. Adları çəkilən Ermənistan vətəndaşlarına terrorçuluq, Azərbaycan sərhədini qanunsuz keçmə, təxribat törətmə, qanunsuz silah-sursat saxlama kimi maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sarqsyan və Rafaelyan ittihama münasibət bildirərkən özlərini təqsirli bilməyib. Onlar bildirib ki, bütün hərbçilər kimi, onlar da əmr icra edirlər. Təqsirləndirilən şəxsləri ötən ilin mayında Kəlbəcər rayonu istiqamətində saxlayan azərbaycanlı hərbçilər də məhkəmədə şahid qismində dindirilib. Bu prosesdə dindirmələr başa çatıb. Yanvarın 24-də keçiriləcək növbəti məhkəmə iclasında cinayət işinin materiallarındakı sənədlər təqdim olunacaq, ardınca çıxışlar mərhələsi başlanacaq. Prokuror hər iki təqsirləndirilən şəxsə cəza istəyəcək. Məhkəmədə anket məlumatları dəqiqləşdirilərkən Sarqsyan ali hərbi təhsilli, mühəndis-istehkamçı, Rafaelyan isə mühəndis-istehkam üzrə ixtisaslaşmış hərbi qulluqçu olduğunu deyib. Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2021-ci il mayın 26-dan 27-nə keçən gecə Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçərək Azərbaycan ərazisini minalayıblar. Bu zaman Azərbaycan hərbçiləri onları saxlayıb, üzərilərində olan tank və piyadalar əleyhinə minalar götürülüb. Ermənistan tərəfi mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycan ərazisində saxlandığını təkzib edib. Həmin şəxslərin Azərbaycanla sərhəddə, Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyü bildirilib. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun