Sabiq icra başçısı həm də qanunsuz silah saxlamaqda ittiham olunur

Sabiq icra başçısı həm də qanunsuz silah saxlamaqda ittiham olunur
24 Yanvar 2022
Mətni dəyiş

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevə qarşı yeni ittiham irəli sürülüb. 

Bu barədə məlumat bu gün keçirilən məhkəmə iclasından sonra yayılıb.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədirliyi ilə keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub. İttiham aktından məlum olub ki, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin V.Hacıyev tərəfindən rüşvət müqabilində qanuna zidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda V.Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

V.Hacıyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Proses yanvarın 28-də davam etdiriləcək.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun