Bakıda ana və iki övladı qətlə yetirilib, polis səhlənkarlıqda ittiham olunur

Bakıda ana və iki övladı qətlə yetirilib, polis səhlənkarlıqda ittiham olunur
21 Fevral 2022
Mətni dəyiş

Fevralın 20-də Nizami rayonu ərazisində ana və iki azyaşlı övladı qətlə yetirilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri ilə bağlı cinayət işi qaldırılıb. 

Sosial şəbəkələrdə isə qətlin baş verməsinə səbəb kimi polis səhlənkarlığı da göstərilir. Bu barədə ictimai fəal Gülnarə Mehdiyeva yazıb.

Gülnarə Mehdiyeva qeyd edib ki, informasiyanı hələ tam dəqiqləşdirə bilməsə də, aldığı məlumata görə, qonşular səs-küyə polis çağırsalar da, gələn hüquq-mühafizə orqanları əməkdaşları “ailə münaqişəsidir” deyərək, evə daxil olmadan gediblər. Sonra isə cinayət hadisəsinin baş verdiyi məlum olub.

Aktivistlər bundan əvvəl də polis səhlənkarlığından şikayətləniblər. Belə ki, ötən ilin avqustunda əri tərəfindən qətlə yetirilən Sevinc Məhrrəmova işində də polis səhlənkarlığı qeyd olunurdu. Bildirilirdi ki, Məhərrəmovanın əri kameralar qarşısında "döymüşəm" desə də, polis bununla bağlı heç bir tədbir görməyib və bu da Məhərrəmovanın qətlinə yol açıb. Bildirilir ki, polis lazimi müdaxilələr etsəydi, cinayətin qarşısını almaq olardı.

Sonuncu hadisə ilə bağlı isə Daxili İşlər Nazirliyi də məlumat yayıb. Nazirlik qeyd edib ki, qətldə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Nazirliyin başqa bir məlumatında da qeyd olunub ki, qətl hadisəsinə görə polisdə xidməti yoxlamalara başlanılıb.

"Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək", - Daxili İşlər Nazirliyindən bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun