“Dünyada Azadlıq 2022”: Azərbaycan “qeyri-azad” kateqoriyasına salınmış 56 ölkə arasındadır

“Dünyada Azadlıq 2022”: Azərbaycan “qeyri-azad” kateqoriyasına salınmış 56 ölkə arasındadır
24 Fevral 2022
Mətni dəyiş
“Freedom House” insan haqları təşkilatı fevralın 22-də “Dünyada Azadlıq 2022” hesabatını yayımlayıb. Hesabatda bildirilir ki, qlobal azadlıq təhdid altındadır. Bütün dünyada liberal demokratiyanın düşmənləri hücumlarını gücləndirirlər. Avtoritar rejimlər təməl azadlıqlara dəstək normalarını və qurumlarını effektiv şəkildə özünə tabe etdirir, yaxud onlardan yan keçirlər.  Liberal demokratiya insan hüquqlarının tanındığı, hər bir fərdə qanunla bərabər yanaşmanın təmin olunduğu özünüidarə formasıdır. Qurum qeyd edir ki, çoxdan oturuşmuş demokratiyalarda daxili qüvvələr sistemlərindəki qüsurlardan sui-istifadə edərək, dövlət siyasətini nifrət, zorakılıq, nəzarətsiz hakimiyyəti təbliği üçün təhrif edib. Demokratiya və avtoriratizm arasında çarpışan bu ölkələrin getdikcə daha çox ikinciyə meylləndiyi vurğulanır. “Freedom House” bildirir ki, qlobal düzən dönüş nöqtəsinə yaxınlaşır, əgər demokratiyanın müdafiəçiləri azadlığın hamı üçün təminatına çalışmasalar, avtoritar model üstün gələcək. Azərbaycan hesabatda “qeyri-azad” kateqoriyasına salınmış 56 ölkə arasındadır. Azərbaycan da daxil olmaqla, bu ölkələrdən 16-sı siyasi hüquqlar və mülki azadlıqlara görə ən pis orta bal yığıb. Cənubi Sudan və Suriyanın 1, Türkmənistanın 2, Eritreya və Şimali Koreyanın 3 bal yığdığı sıralamada Azərbaycanın balı 9-dur. Müqayisə üçün, Monqolustan azad ölkə hesab edilib. Azərbaycanın hakimiyyət təmsilçiləri indiyədək beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini qəbul etməyib, onları qərəzli mövqedə ittiham ediblər. Hakimiyyət təmsilçiləri ölkədə hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər. Azərbaycanın qonşularından Ermənistanla Gürcüstan “qismən azad” ölkələr hesab edilib. Ermənistanın Azərbaycanla 2020-ci il Qarabağ müharibəsindən sonra hələ özünə gəlmədiyi, amma seçki məcəlləsinə islahatların şəffaflıq və ədaləti yaxşılaşdıracağı vurğulanır. Qurum növbədənkənar parlament seçkisindən sonra siyasi sistemin sabitləşdiyini qeyd edir. Ancaq ötən ilin sonunda müxalifətçilərə qarşı cinayət işləri ölkədə demokratiyanın durumunun dəyişkənliyi sarıdan narahatlıq yaradıb. Avrasiyada göstəricilərinə görə öndə gedən ölkələrdən olan Gürcüstanda da azadlığın zəiflədiyi bildirilir. Belə ki, jurnalistlər, LGBT+ fərdləri, müxalifət tərəfdarları artan təhdid və zorakılıqla üzləşirlər. “Freedom House” qlobal azadlığın vəziyyətini yaxşılaşdırmaq üçün bəzi tövsiyələr də irəli sürür. Onlardan biri Azərbaycan, Çin, Qətər, Səudiyyə Ərəbistanı kimi insan haqlarını pozmaqla ad çıxarmış ölkələrin beynəlxalq idman tədbirlərinə sponsorluğuna, yaxud Belarus kimi repressiv ölkələrin dövlət telekanallarında reklamlara baxılmasıdır. Daha bir tövsiyə vəzifə müddəti çox uzanmış liderlərin ölkələrinə yardımı məhdudlaşdırmaqla bağlıdır. “Son 20 ildə Rusiya, Çin, Nikaraqua, Azərbaycan, Boliviya, Uqanda və Kamerun daxil onlarla ölkədə liderlər vəzifə müddətlərini uzadıblar. ABŞ qanunları seçilmiş hökumət başçısının hərbi çevrilişlə devrildiyi ölkələrə maliyyə ayrılmasını qadağan edir”, bunun üçün dövlət katibi “demokratik seçilmiş hökumətin vəzifəyə keçdiyini təsdiqləməlidir”, - hesabatda deyilir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən bu vəzifədədir. 2009-cu ildə bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qadağa aradan qaldırıldı. Ondan sonra prezident Əliyev üçüncü və dördüncü dəfə bu vəzifəyə seçildi. Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun