Əli İnsanov prezidenti təbrik edib: "Sizinlə görüşə hazır olduğumu yüksək diqqətinizə çatdırıram"

Əli İnsanov prezidenti təbrik edib: "Sizinlə görüşə hazır olduğumu yüksək diqqətinizə çatdırıram"
19 Mart 2022
Mətni dəyiş

Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. 

Keçmiş səhiyyə naziri bildirib ki, Prezident Administrasiyasından zəng edib ona prezidentin təbriklərini çatdırıblar. İnsanov buna cavab olaraq prezidentə təbrik məktubu yazıb.

O, məktubda qeyd edib ki, yüksək diqqətə görə, prezidentə təşəkkür edir.

"Şəxsimə göstərdiyiniz yüksək diqqətinizə görə dərin təşəkkürümü bildirir, xalqımızın qədim bayramı münasibətilə sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, vətənimizin tərəqqisi və xalqımızın yüksək rifahı uğrunda görəcəyiniz bütün işlərinizdə böyük uğurlar arzulayıram. Cənab prezident, sizinlə görüşə hazır olduğumu bir daha yüksək diqqətinizə çatdırıram", təbrikdə qeyd edilib.

Keçmiş səhiyyə naziri 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub.

2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.
2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb və aktiv siyasətə qoşulub. 2021-ci ilin oktyabrında Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun