Dörd ölkə Rusiyanın 43 diplomatını qovur

Dörd ölkə Rusiyanın 43 diplomatını qovur
30 Mart 2022
Mətni dəyiş

Dörd Avropa ölkəsi – Niderland, Belçika, İrlandiya və Çex Respublikası martın 29-da Rusiyanın çox sayda diplomatının “casusluq şübhələri” ilə əlaqədar qovulmasını bəyan ediblər.

Niderlandın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, persona non grata elan edilmiş 17 Rusiya diplomatı əslində kəşfiyyat zabitləri kimi fəaliyyət göstəriblər.

Belçika eyni səbəblərlə 21, İrandiya 4 və Çexiya 1 Rusiya diplomatının ölkədən çıxarıldığını bəyan edib.

Niderland XİN bildirir ki, bu barədə nota artıq Rusiya səfirinə təqdim olunub:

"Səbəb budur ki, bizdə olan indormasiyaya görə sözü gedən şəxslər diplomat kimi akkreditə olunsalar da, kəşfiyyat zabitləri kimi fəaliyyət göstəriblər”.

Vizit kartlarında “diplomat” yazılsa da…

Niderlandın xarici işlər naziri Vopka Hukstra deyib ki, Rusiya diplomatlarına ölkədən çıxmaları üçün iki həftə vaxt verilib:

"Bu adamların vizit kartlarında diplomat yazılsa da, onlar tamam başqa işlərlə məşğul olublar”.

Lakin nazir məsələnin təfərrüatlarına varmayıb.

Bununla belə o deyib ki, görülən tədbir Ukraynadakı müharibə kontekstində ölkənin təhlükəsizliyinin gücləndirilıməsi üçün keçirilir.

Niderlandda hazırda 75 Rusiya diplomatı var və bu tədbirdən sonra onların sayı 58-ə enəcək.

Rusiyanın kəşfiyyat mövcudiyyəti

İrlandiyanın Xarici İşlər Nazirliyi bildirir ki, 4 Rusiya diplomatı beynəlxalq standarta uyğun olmayan fəaliyyətlərinə görə persona non grata elan ediliblər.

Bu barədə bəyanatda deyilir ki, İrlandiya və Rusiya arasında diplomatik kanallar açıq qalacaq.

Belçika hökuməti bildirir ki, öklədən çıxarılan 21 Rusiya diplomatı casusluqla bağlı fəaliyyətlə və ölkənin siyasətinə təsir göstərmək cəhdləri ilə məşğul olublar.

Onların Belçikanı tərk etmələrinə iki həftə vaxt verilib.

Çexiyanın Xarici İşlər Nazirliyi bir Rusiya diplomatının ölkədən çıxarılmasına dair bəyanatında bildirib:

“Biz müttəfiqlərimizlə birlikdə Rusiyanın Aİ-dəki kəşfiyyat mövcudiyyətini azaltmağa çalışırıq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun