Eldar Həsənov: növbəti məhkəmə iclası təyin olundu

Eldar Həsənov: növbəti məhkəmə iclası təyin olundu
19 Mart 2022
Mətni dəyiş

Martın 18-i Bakı Apellyasiya Məhkəməsində məhbus dövlət xadimi Eldar Həsənovun şikayəti üzrə çəkişmə mərhələsi başlayıb. Novator.az-ın məlumatına görə, Elmar Rəhimovun sədrliyi ilə keçirilən proses çox çəkməyib, növbəti iclas martın 31-nə təyin olunub.

Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il hökmünün ləğvi, Eldar Həsənovun bəraətlə azadlığa buraxılması istənir.

1955-ci il təvəllüdlü Eldar Həsənov ədliyyə general-leytenantı, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri doktoru, professordur.

2020-ci il avqustun 13-də həbs edilən Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanır, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinir. 2021-ci il sentyabrın 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Eldar Həsənova 2022-ci il yanvarın 21-də 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutur.

İş üzrə ibtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.

Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində məsul postlar, o cümlədən Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini vəzifələrini tutub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 17-də Eldar Həsənov Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir vəzifəsindən azad olunub.

Eldar Həsənovun dörd vəkili var: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun