Paşinyan Azərbaycanı etnik təmizləmədə ittiham edib

Paşinyan Azərbaycanı etnik təmizləmədə ittiham edib
24 Mart 2022
Mətni dəyiş
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Dağlıq Qarabağda etnik təmizləmədə ittiham edib. Baş nazir Bakının bölgədə yaşayan erməni icmasına qaz nəqlini dayandırdığını deyib. “Martın 7-də Azərbaycanın nəzarətində olan ərazidə qaz kəməri partladıldı, müxtəlif bəhanələrlə qaz kəmərinin təmirinə imkan vermədilər, sonda özləri təmir etdilər. Martın 18-də qazın verilməsi bərpa olunub, martın 21-də isə Azərbaycan qazı kəsib”, – deyə N.Paşinyan vurğulayıb. O, bölgənin humanitar böhranın astanasında olduğunu bildirib. Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanın Baş nazirinin dediklərinə belə reaksiya verib: “İstənilən qaz borusunun xüsusilə şaxtalı yerlərdə, soyuq aylarda partlaması normal haldır”. Bu barədə deputat “pravda.az” saytını danışıb. Onun sözlərinə görə, Xankəndidəki qaz xətti ermənilər tərəfindən də partladıla bilər: “Onlar bilərəkdən bunu törədir və bütün dünyaya car çəkirlər ki, Azərbaycan Qarabağdakı ermənilərin qazını kəsir, qış günü bizi soyuqda saxlayır. Bu, erməni hiyləsidir. Həmin qaz borusunun partladılması onların öz əməlidir”. Deputat qeyd edib ki, işğalçı dövlətin ərazisindən Azərbaycan ərazisinə qaz xətti çəkilməli deyil: “Bu, Azərbaycanın daxili işinə qarışmaq və ərazi bütövlüyünün pozulmasıdır. Qarabağ Azərbaycandır! Deməli, həmin əraziyə qazı da, elektrik enerjisi və digər təminatları da biz verməliyik. Nəyə görə Ermənistan öz büdcəsindən Qarabağ üçün maliyyə ayırmalı, onun tör-töküntüləri hələ də bizim ərazilərimizdə qalmalıdır? Nə üçün?! Ona görə də Azərbaycan bu məsələlərə son qoyacaq”. “Artıq zamanı yetişib, Azərbaycan ərazisində yaşayan hər kəsin yaşayışına özümüz nəzarət edəcəyik. Belə olan halda, orada yaşayan separatçı və terrorçular, qeyri-dövlətə məxsus hərbçilər təmizlənməli, 1988-ci ilə qədər həmin ərazilərdə yaşayan ermənilər və onların törəmələri isə Azərbaycan qanunlarını qəbul etməlidirlər. Əks təqdirdə, bizim ərazilərimizdə vətəndaşımız olmayan ermənilər yaşaya bilməz”, – deyə deputat bildirib. Qarabağda yaşayan ermənilər bir neçə gündür təbii qaz təminatının dayandırıldığını deyirlər. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi hissədə qaz təchizatının Azərbaycan tərəfin müdaxiləsi ilə martın 21-dən tamamilə kəsildiyi iddia edilir. Azərbaycan Xarici İşlər Nazirliyi isə iddiaları təkzib edib. Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb. Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır. 90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb. 2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib. Ermənistan isə hazırda eyni ittihamla Azərbaycanı ittiham edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun