Şahid: "İmişlidə bələdiyyə sədriyəm, əmək müqaviləmin müddətinin artırılması üçün 5 min manat vermişəm"

Şahid: "İmişlidə bələdiyyə sədriyəm, əmək müqaviləmin müddətinin artırılması üçün 5 min manat vermişəm"
18 Mart 2022
Mətni dəyiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Şıxalı Gülməmmədov bildirib ki, sahibkarlıqla məşğul olub.

O deyib ki, V.Hacıyevlə bağlı heç bir yaxınlığı olmayıb: "Rayon daxilində tikinti-quraşdırma işləri olanda köməklik edirdim. Qaralar kənd bələdiyyəsinin sədri olmuşam. Araz çayından qum çıxarırdım, sahibkarlıqla məşğul olurdum. Pulu İmişli Rayon İcra Hakimiyyətinin mühasibatlığına verirdim".

Daha sonra şahid qismində Namiq Xankişiyev dindirilib. O söyləyib ki, rayonun abadlaşdırılmasına görə, icra hakimiyyətinin əməkdaşı İbrahim Zaidova 1 300 manat pul verib.

Şahid Hümbət Həsənov isə sahibkarlıqla məşğul olduğunu deyib: "Yanacaqdoldurma məntəqəm var idi, onu böyütmək istəyirdim. İmişli Rayon İcra Hakimiyyətinin mühasibinə müraciət etdim. Dedi ki şəhərin abadlaşdırılması üçün 3 min manat verməliyəm".

Şahid İmran Bəkirov isə ifadəsində qeyd edib ki, əvvəl İmişli şəhərinin icra nümayəndəsi olub: "Hazırda İmişlidə bələdiyyə sədri işləyirəm. Vilyam Hacıyevlə çox yaxın olmuşam. Səadət Şahpələngova adlı əməkdaşımızın işdən çıxarılmaması üçün Cəmil adlı şəxsə 5 min manat pul vermişəm. Öz əmək müqaviləmin müddətinin artırılması üçün də ona 5 min manat vermişəm".

Məhkəmə davam edir.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun