Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Bu barədə həm Blinken özü, həm də prezidentin mətbuat xidməti məlumat yayıb. Blinkenin "Twitter" hesabında yaydığı məlumatda qeyd olunub ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh müzakirələrində mövcud müsbət məqamları necə dəstəkləyə biləcəyi barədə danışıqılar olub. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda isə qeyd olunub ki, Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb. Prezident Əliyev isə bildirib ki, Ermənistan Azərbaycanın təklif etdiyi beş maddəlik sülh müqaviləsini qəbul edib və bu istiqamətdə addımlar atılır. Tərəflər enerji və humanitar məsələlər ətrafında da danışıblar.