6 May 2022
Mətni dəyiş
Azərbaycan Ermənistanla sərhəddə yaradılacaq iki sərhəd-keçid məntəqəsinin yerini müəyyənləşdirib.
Onlar Ermənistanla həmsərhəd Qubadlı və Zəngəlan rayonlarında Eyvazlı və Qazançı qəsəbələrində olacaq.
Bu barədə ölkənin baş naziri Əli Əsədovun sərəncamında deyilir. Sənədə əsasən, 4 sərhəd məntəqəsi yaradılacaq. Daha ikisi isə “Füzuli” və “Zaqatala” beynəlxalq hava limanlarında açılacaq.
Ermənistanın Gorus və Qafan şəhərləri arasında yolun 21 kilometrlik hissəsi Eyvazlı kəndindən keçir. 2020-ci ilin payızında işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan bu yola nəzarəti bərpa edib.
Qazançı kəndi yaxınlığında çox güman ki, Naxçıvana avtomobil yolu keçəcək və bu, Zəngəzur nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Qazançının yaxınlığında Azərbaycandan Qafana gedən keçmiş dəmir yolu marşrutu da keçir ki, işğal zamanı ermənilər dağıdıblar.
Aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Danışıqların yekunlarına əsasən, hər iki tərəf aprelin sonunadək ölkələr arasında sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması və sülh sazişinin hazırlanmasına başlanması barədə razılığa gəliblər.
Aprelin 25-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan telefon danışığı zamanı “birgə sərhəd komissiyasının iştirakçılarının parametrləri” məsələsi üzrə razılığa gəliblər.