Yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Bunu mayın 11-də Hollandiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Regional kommunikasiyalar açmaq lazımdır ki, Azərbaycanla dəmir və avtomobil yollarımız fəaliyyətə başlasın.
Biz Türkiyə ilə dialoqa başladıq, ilkin şərt olmadan münasibətləri normallaşdırmağa başlamağa razılaşdıq”.
Paşinyan beynəlxalq ictimaiyyəti “öz vətənlərində yaşamaq hüququ uğrunda mübarizə aparan” Qarabağ ermənilərinə kömək etməyə çağırıb: "Lakin Azərbaycan beynəlxalq təşkilatların regiona çıxışını əngəlləyib", o deyib.
“Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı öz ideyalarını təqdim edib, burada beş əsas məqam var. Söhbət bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, sərhədlərin demarkasiyası və delimitasiyasından, bir-birinə qarşı ərazi iddialarının olmamasından gedir.
Bu təkliflərdə bizim üçün qəbuledilməz olan heç nə yoxdur, lakin bütün məsələləri əhatə etmir. Biz təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və Dağlıq Qarabağın yekun statusunu gündəmə gətirmişik.
Aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik. Dedim ki, bizə təklif olunan məqamlarda qəbuledilməz heç nə yoxdur. Əgər Azərbaycan tərəfi iki ideyanı birləşdirməyə və bu əsasda danışıqlara başlamağa razı olarsa, o zaman biz buna hazırıq.
Lakin Azərbaycan son vaxtlar bəyanatlar verir ki, danışıqlar masasında yalnız Azərbaycanın təklifləri var. Bu, Brüsseldəki razılaşmalara uyğun deyil. Bu gün mən öz mövqeyimi bir daha təsdiq etməliyəm ki, biz bu prinsiplər əsasında danışıqlara hazırıq”, - Nikol Paşinyan bildirib.
O, həmçinin Bakını erməni əsirlərdən sövdələşmə üçün istifadə etməkdə ittiham edib.
“Bu gün Azərbaycanda ən azı 38 məhbusumuz qalıb. Sonuncu dəfə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə Azərbaycan prezidenti daha bir qrup məhbusu azad edəcəyinə söz vermişdi, lakin bu, hələ baş verməyib”, - deyə Paşinyan dünya ictimaiyyətini Azərbaycana təsir göstərməyə çağırıb.