9 İyun 2022
Mətni dəyiş
İyunun 9-da Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla 2020-ci il noyabrın 10-u və 2021-ci il yanvarın 26-da Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
M.Zaxarova əlavə edib ki, nazirlər ikitərəfli müttəfiqlik münasibətləri, Moskva və Yerevan arasında Avrasiya İqtisadi Birliyi, KTMT, MDB-nin ümumi inteqrasiya birliklərində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi, o cümlədən beynəlxalq platformalarda koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən S.Lavrov Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Bu barədə M.Çavuşoğlu özü bildirib.
“Biz Qafqazda 3+3 formatını, həmçinin Azərbaycanla Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə etdik. Bu məsələlərdə göstərdiyi dəstəyə görə Rusiyaya təşəkkür edirəm”, – Çavuşoğlu belə deyib.
Nazirin sözlərinə görə, Ankara hesab edir ki, xüsusilə Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması regionda sabitlik üçün vacibdir.
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.